Azərbaycan güləşçisi Olimpiya çempionu oldu

Azərbaycan güləşçisi Olimpiya çempionu oldu

11 Avqust 2012 23:03
770
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycanın sərbəst güləş yığmasının daha üç üzvü London Yay Olimpiadasında mübarizəyə qoşulub: Toğrul Əsgərov (60 kq), Camaləddin Məhəmmədov (120 kq) və Şərif Şərifov (84 kq).

Digər iki güləşçimizlə müqayisədə Məhəmmədov mübarizəyə təsnifat mərhələsindən qoşulub. Onun ilk rəqibi Rusiya təmsilçisi Bilyal Maxov olub. 3 qat dünya çempionu ilə görüş təmsilçimizin məğlubiyyəti ilə bitib - 0:1, 0:4. Təəssüf ki, Məhəmmədovu mübarizədən kənarlaşdırmış Maxov da finala çıxa bilmədiyindən, güləşçimiz turniri medalsız başa vurmalı olub.

Mübarizəyə birbaşa 1/8 finaldan başlayan Toğrul Əsgərov startda almaniyalı Tim Şlyayheri mübarizədən kənarlaşdırmalıydı. O, bu vəzifənin öhdəsindən möhtəşəm qələbə ilə gəlib. Belə ki, ilk hissəni 2:0 öndə qapayan güləşçimiz ikinci yarıda 7:1 üstün olub və 1/4 finala vəsiqəni təmin edib. Yarımfinala vəsiqə qazanmaq yolunda rəqib yaponiyalı Keniçi Yumoto olub. Toğrul birinci yarını 1:0 üstünlüklə başa vurub. İkinci hissədə heç-heçə (2:2) qeydə alınsa da, Əsgərov ümumi nəticədə qalib gələrək, yarımfinala çıxıb. Həlledici oyuna vəsiqə uğrunda Toğrul ABŞ-dan Koleman Skottla üz-üzə gəlib. İlk yarıda təmsilçimiz qalib gəlib - 1:0. İkinci hissədə də eyni uğuru təkrarlayan Əsgərov Olimpiadanın finalına yüksəlib.

Həlledici qarşılaşmada Əsgərov rusiyalı Besik Kuduxovla üz-üzə gəlib. Görüşün ilk hissəsində Toğrul qələbə qazanıb - 1:0. İkinci hissəni də yüksək səviyyədə keçirən Əsgərov möhtəşəm qələbə qazanıb - 5:0. Beləcə, Azərbaycan güləşçisi London Olimpiadasında ölkəmizə ilk qızıl medalı qazandırıb.

Şərif Şərifov da 1/8 finaldan başlayıb və ilk görüşünü Türkiyə təmsilçisi İbrahim Bölükbaşına qarşı keçirib. İlk hissədə 3:1 qalib gələn dünya çempionumuz ikinci yarıda da qardaş ölkə təmsilçisinə heç bir şans verməyib - 5:3. Beləcə, Şərifov da 1/4 finala adlayıb. Bu mərhələdəki rəqib isə ABŞ təmsilçisi Ceyk Herbert idi. Güləşçimiz amerikalı rəqibini birinci hissədə 4:1 hesabıyla üstələyib. İkinci yarıda da güclü olan Şərif 3:0 öndə olduğu vaxt rəqib güləşçinin məşqçisi etiraz edib. Bir qədər gərgin mübahisəyə də yol açan müzakirələrin sonunda Şərifov qalib adını qazanıb və yarımfinala çıxıb. Yarımfinalda isə Şərifov İran güləşçisi Naser Ləşgəri ilə qarşılaşıb. Bu görüşün ilk yarısından təmsilçimiz qalib ayrılıb - 1:0. Amma ikinci yarıda iranlı 2:0 üstün olub. Beləcə, hər şeyə üçüncü hissədə aydınlıq gəlib. 2:1qalib gələn Şərifov da finala çıxıb!

Şərifovun finaldakı rəqibi Puerto-Rikadan Xayme Espinaldır. Bu görüş isə saat 23:20-də start götürəcək.

O.M.