
Azərbaycan millisi FİFA-nin reytinq cədvəlində mövqeyini qoruya bilib
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə mövqeyini dəyişməyib.
Belə ki, millimiz 308 xalla dünyada 108-ci, Avropada 43-cü pillədə qərarlaşıb.
Yığmamızın növbəti seçmə mərhələdəki rəqiblərindən Portuqaliya (5-ci yer, 1213 xal), İsrail (82-ci yer, 427 xal) və Lüksemburq (110-cu yer, 303 xal) milliləri də yerlərində qalıblar.
Hesabında 1016 xal olan Rusiya millisi 2 pillə irəliləyərək, 11-ci yerə qalxıb. Şimali İrlandiya 336 xalla 1 pillə yüksələrək, 101-ci yerdə qərarlaşıb. 735 xalı olan Türkiyə 1 pillə geriləyərək, 30-cu yerə düşüb. Millimizin avqustun 15-də Bakıda yoldaşlıq görüşü keçirəcəyi Bəhreyn isə 331 xalla 1 pillə irəliləyərək, 102-ci yerdədir.
O.M.
İlk 2 pillənin sahibi İspaniya (1605 xal) və Almaniya (1474) yığmaları mövqelərində qalıb. Hesabında 1294 xal olan İngiltərə millisi 1 pillə irəliləməyi nəticəsində 3-cü yerə qalxıb.