Çempionlar Liqasi: "Real"  Madrid məğlub olsa da yarımfinala vəsiqə qazana bilib

Çempionlar Liqasi: "Real" Madrid məğlub olsa da yarımfinala vəsiqə qazana bilib

13 Aprel 2022 08:47
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın daha bir təmsilçisi UEFA Çempionlar Liqasında yarımfinala vəsiqə qazanıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, "Real Madrid" evdə turnirin son qalibi olan İngiltərənin "Çelsi" klubuna 2:3 hesabı ilə uduzsa da, ilk matçdakı qələbə (3:1) sayəsində adını növbəti mərhələyə yazdırıb.

Oyuna istədiyi kimi başlaya bilməyən "kral klubu" 15-ci dəqiqədə Meyson Mauntun vurduğu qolla məğlub duruma düşüb. 51-ci dəqiqədə Antonio Rüdiger hesab arasındakı fərqi artırıb. 67-ci dəqiqədə Markos Alonso meydan sahiblərini 3-cü dəfə məyus etsə də, VAR-ın müdaxiləsindən sonra topun ələ dəydiyi məlum olub və qol ləğv edilib. Buna baxmayaraq, qonaqlar 75-ci dəqiqədə 3-cü topu Madrid təmsilçisininin qapısından keçirib. "Çelsi"nin heyətində Timo Verner fərqlənib. 80-ci dəqiqədə Rodriqo buraxılan toplardan birinin əvəzini çıxıb və oyunu əlavə vaxta daşıyıb. 96-cı dəqiqədə səhnəyə çıxan Kərim Benzema isə komandasını yarımfinala yüksəldən qola imza atıb. "Real Madrid" finala gedən yolda "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə) görüşünün qalibi olacaq.

Daha əvvəl İspaniyanın digər təmsilçisi "Vilyarreal" növbəti mərhələyə adlayıb.

***

UEFA Çempionlar Liqasında yarımfinalın ilk iştirakçısı bəlli olub.

İspaniyanın "Vilyarreal" klubu növbəti mərhələyə yüksəlib.

Evdəki ilk matçda Almaniya "Bavariya"sını 1:0 hesabı ilə məğlub edən La Liqa təmsilçisi cavab görüşündə də güclü rəqibinə uduzmayıb - 1:1. Oyunda ilk qolu 52-ci dəqiqədə Robert Levandovski vurub. Qonaqlar 88-ci dəqiqədə Samuel Çukvuezenin qolu ilə hesabı bərabərləşdiriblər və bu nəticə "Vilyarreal"ı 16 ildən sonra yarımfinala daşıyıb. İspaniya təmsilçisinin növbəti raunddakı rəqibi "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya) cütünün qalibi olacaq.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

12 aprel

23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) - 2:3 (ƏLAVƏ VAXTDA - 1:0)

Qollar: Rodriqo, 80. Kərim Benzema, 96 - Meyson Maunt, 15. Antonio Rüdiger, 51. Timo Verner, 75

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun - 3:1

23:00. "Bavariya" (Almaniya) - "Vilyarreal" (İspaniya) - 1:1

Qol: Robert Levandovski, 52 - Samuel Çukvueze, 88

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

İlk oyun - 0:1

Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək. İngiltərə "Liverpul"u Portuqaliya "Benfika"sını, İspaniyanın "Atletiko" (Madrid) komandası isə İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək.