Müğənni Kərimin yanında başkəsənlər gəzir

Müğənni Kərimin yanında başkəsənlər gəzir

8 Mart 2012 16:55
Bəyəndim (0) Bəyənmədim (0)
Özünü Meqastar adlandıran müğənni Azərbaycan səhnəsində heç kimi ulduz saymır

Şou biznesin hər üzünü görüb, göstərmişdik. Lakin bu dəfə onun qaydasız döyüş prinsipləri ilə inkişaf etdiyinin şahidi olduq. Başqa sözlə desək, populyar olan mahnılar rəqiblərə sillə effekti verdiyi kimi, müğənnilər arasında qurşaqdan aşağı zərbələr də olur. Adama elə gəlir ki, səhnə rinqdir və rəqiblər döyüşdən əvvəl bir-birinə hədə-qorxu gəlməyə çalışırlar. Gənc və istedadlı müğənni Kərimin çıxışını dinlədikdən sonra bir daha bu fikrin doğru olduğuna inandıq.

"Primadonna İlhamə xanımın bir sözü var, o sözü çox sevirəm: "sən özünə dəyər verməsən, sənə heç kim dəyər verməz. Mən bu devizlə gedirəm, özümü bütün günü tərifləyirəm. Mən kral olanda 50 yaşım olacaq".

Bu sözlərin müəllifi gənc müğənni Kərim Abbasovdur. O, Avropa radiosunun canlı yayımında çıxışı zamanı əməlli-başlı şou yarada bildi. Daha dəqiq desək, kəskin çıxışı ilə bir növ od püskürmüş oldu: "Mən sənətdə özümü Meqastar bilirəm. Mənim yanımda heç kim deyə bilməz ki, mən ulduzam. Kimsə ulduz sözünü deyərsə, həmin insanı elə başa salaram ki, bir də ulduz sözünü dilinə gətirə bilməz. Zerrin Özer mənim mahnımı dinləyib, çox xoşuna gəlib. Onun həyat yoldaşı da mənim musiqilərimi dinləyir. İnşallah, haçansa duet fikirləşirik".

Bir çox insanı hüquq mühafizə orqanlarına verməyə hazırlaşan müğənni bu işdə təcrübəli olduğunu vurğulamağı da unutmadı: "Bilirsiniz ki, bir neçə saytı və qəzeti məhkəməyə verdim, çünki xoşagəlməz sözlər yazmışdılar. Bundan sonra da xoşagəlməz sözlər yazılsa, məhkəməyə verəcəm. Bütün telefon zənglərinə cavab verirəm. Yalnız bağlı nömrələrə cavab vermirəm. Mənə bağlı nömrədən kim zəng etsə, özünü polisdə görəcək".

Kərimin çıxışı zamanı o da bəlli oldu ki, o, təkcə qanun keşikçilərinə arxayın deyil, mübarizənin başqa formalarına da hazırdır: "Bilirsiniz ki, dağlı balasıyam. Heç kimə pislik etmirəm, heç kimdən də qorxmuram. Çünki yanımda elə insanlar, dostlar var ki, başkəsəndirlər".

Daha sonra K.Abbasov gərginliyi bir qədər sovuşduraraq sənətdən söz saldı: "2003-cü ildən səhnəyə gəlmişəm. ən yaxın insan bacım Gövhər Həsənzadədir bu sənətdə. Şou biznesdə çoxları ilə münasibətim normaldır. Qalmaqaldan qaçıram, bir nəfər var, onunla yola getmirəm, heç vaxt da getməyəcəm".

Kərim çıxışı zamanı romantik duyğulara da toxunmağı unutmadı: "İlk sevgim qohum qızına qarşı olub. 15-16 yaşım var idi. İnanın, ailəliklə həmin qızın ad gününə getmişdik. Gedib gördüm ki, həmin qızın nişanı imiş, ağlaya-ağlaya qayıtdım evə. Ailədə çox xoşbəxtəm, elə bil ikinci dəfə ailəli olmamışam, birinci ailəmdir".

Sonda sadə insan olmağın əhəmiyyətini vurğulayan gənc müğənni bu barədə də fikirlərini bölüşdü: "Sosial şəbəkədə özüməm, Kərim Abbasov. Hamıya da cavab verirəm. Məni xalqımdan ayıran bir sənətimdir".

Bu dəfə də mən yazdıqlarımı siz oxudunuz. Yaxşı ki, oxumaq deyəndə təkcə müğənnilik sənəti nəzərdə tutulmur. Yoxsa qalmaqalların sayı hesabı olmazdı...

Şəlalə Nəriman

O.M.