Əbdülxalid hər gün 150-200 manat pul xərcləyir

Əbdülxalid hər gün 150-200 manat pul xərcləyir

6 Mart 2012 13:29
Bəyəndim (0) Bəyənmədim (0)
"Mən elələrinə ağıldan kəm insan deyirəm"

Şou biznes tənqid obyekti olsa da, etiraf etməliyik ki, biznesin ən gəlirli sahələrindən biridir. Məhz buna görə də çoxları bu sahənin "biznesmeni" olmağa çalışır, yəni müğənni.

"Gündəlik dostlarla olanda 150-200 manat pul xərcləyirəm. Çoxları gedir klublarda "mafiya" oyunu oynamağa, mən xoşlamıram. Nərd, domino oynamağı xoşlayıram. Dostlarım mənə qoca baba deyilər. İnanın, daxilimdə həvəs yoxdur, xoşlayıram gedim haradasa rayonda dincəlim. Dənizdən bezirəm, istirahəti yalnız Tovuzda tapıram. Rayona gedəndə də qatarla xoşlayıram gedəm, lazım olanda dostlar maşın verirlər. Çoxları deyir, köhnə fikirli kişilər kimisən".

Bu fikirləri Avropa radiosunun canlı efirində gənc müğənni Əbdülxalid səsləndirib. O, həyatda sadəliyə üstünlük verdiyini bildirərək, üstüörtülü də olsa, bəzi müğənnilərin bostanına daş atdı: "Geyimlərimdə elə də brendə önəm vermirəm, mənə nə yarışırsa, onu da hər yerdən alıb geyinirəm. Lazım olarsa, brend geyinərəm. Özüm geyinirəm, stilistim yoxdur. Biz geyimimizlə, oxumamağımızla imtahan veririk tamaşaçılar qarşısında. Maşınım var. Elə də marağım yoxdur maşına. İnsan var, 200 minə evini satır, maşın alır. Mən elələrinə ağıldan kəm insan deyirəm. Maşın səni yolda qoymursa, bahalılığı elə də önəmli deyil. Adam var, toy tutsun deyə bahalı maşın sürür. Səni çağıran səsinə, sənətinə görə çağıracaq, maşına görə çağırmayacaq ki".

El şənliyindən söz düşmüşkən, müğənni başına gələn maraqlı bir hadisəni xatırladı: "Toy qiymətlərini həmişə özüm danışıram. Toya yarım saat qalmış pulu tələb edirəm. Bir dəfə başıma gəlib, pulu istəmirdi verə, mən də başa saldım ki, ünvanı səhv salmısan, başa düşdü".

Repertuarına ara mahnılarını salmadığını deyən müğənni bəzi mahnıları ürəksiz oxuduğunu bildirdi: "Repertuarımda ara mahnıları yoxdur. Amma olub ki "zakazla" mahnı ifa etmişəm, heç xoşuma gəlməyib mahnının sözləri".

Klip çəkdirməməyinin səbəbini maddi problemlərlə əlaqələndirən müğənni bu mövzuya da toxundu: "Klip önəm daşımır, çünki maddi durum yaxşı olmalıdır ki klipin yayımına imkan olsun. Klipi çəkmirəm ki, evdə qoyub özüm baxam".

Sərbəstliyi çox sevdiyini vurğulayan Əbdülxalid çıxışının sonunda sosial şəbəkələrlə bağlı başına gələn maraqlı bir hadisəni yada saldı: "Əvvəl sosial şəbəkələrdə olmurdum. Bir dəfə Röyagilin ofisinə getdim, birdən girdim ofisə. Röya dedi ki, odnoklassnikidə sənsən, dedim, yox. Dedi, bəs indi yazmışdın gəlirəm, axı neçə oldu ki, sən gəlməyinlə üst-üstə düşdü. Başa saldıq həmin insanı. Hərdən facebook-da oluram, 2 aydan bir girirəm, köhnə xasiyyətli kişiyəm də, neyləyək".

Səhnə maraqlı şounu, yüksək dinamikanı, fərqli performansı sevsə də, bəzi müğənnilər bunu yanlış anladıqları üçün gülməli, hətta gülünc hala düşürlər. Çünki elə həyatda da bu cür yaşayırlar. Daha dəqiq desək, səhnədən kənarda da artistlik edirlər. Lakin elə müğənnilər də var ki, artistliyi sənət kimi qəbul edirlər, həyat tərzinə çevirmirlər...

Şəlalə Nəriman

O.M.