
Faiq Ağayev: "40 yaş qeyd olunmur..."
Düzdür, bir neçə dəfə burnunda, həmçinin üzündə plastik əməliyyatlar keçirib, buna baxmayaraq, o, xarici görünüşü kimi ruhən də cavandır. Söhbət Azərbaycanın xalq artisti Faiq Ağayevdən gedir.
"İlk təbrikimi hər il olduğu kimi anamdan aldım. Mən anamı dünyada hamıdan çox sevirəm. Bu, uşaqlıqdan belə olub. Hələ rəhmətlik atam sağ ikən ona deyirdim ki, papa, incimə, anamı səndən çox istəyirəm. Bəlkə anam da məni ailədə hamıdan çox istəyir, çünki sonbeşiyəm", - deyən 100% F.A.-nın bu gün nə az, nə çox düz 40 yaşı tamam olur. Amma o, bu günü təmtəraqla keçirməyəcək: "Deyirlər, 40 yaş qeyd olunmaz. Baxmayaraq ki, yubileyimdir, mən dədə-babalarımızın məsləhətilə hərəkət edəcəyəm".
Etibarlı mənbədən aldığımız məlumata görə, Faiq Ağayev bu gününü ailə üzvlərinin əhatəsində təmtəraqla keçirəcək. Belə ki, anası sevimli sonbeşiyinin ən çox xoşladığı yeməkləri hazırlamaqdadır, hansı ki, onların arasında "dovğa" və "yarpaq dolması" xüsusi yer tutur.
"Oxu Məni" olaraq xalq artistini 40 yaşı tamam olması münasibətilə bizlər də təbrik edirik.
Könül Aypara
O.M.