"Qızlarla ünsiyyətimə son qoydum"
Yeni il ərəfəsində müğənnilərin və digər şou-biznes nümayəndələrinin işləri çox olur. Odur ki, müsahibə verməyə də vaxtları çatmır. Xeyli axtarışlardan sonra, nəhayət ki, Emil Bədəlovun saqqızını oğurlaya bildim. Bu dəfə qonağım "Saqqız" mahnısının gənc ifaçısı oldu.
- Özün haqda məlumat verərdin.
- Əslim Gəncəlidir. 1986-cı il yanvarın 6-da anadan olmuşam. Ailəliyəm. Hacıyam. Bülbül adına orta ixtisas musiqi məktəbinin skripka və vokal bölümünü bitirmişəm.
- Bəs necə oldu bu sənəti seçdin?
- Mənim rəhmətlik atam müğənni olub, onun yolunu davam etdirirəm.
- Özündən belə çox razı olmağının səbəbi nədir?
- Qətiyyən özümdən razı deyiləm. Yalnız qıraqdan elə görünə bilər. İbadət edən insanın qəlbi qorxu ilə dolu olur.
- Fiziki, dünyəvi və mənəvi qorxular nədir sənin üçün?
- Yalnız Allahdan qorxmaqdır mənim üçün.
- Necə oldu ki, Həcc ziyarətinə getmək qərarına gəldin?
- Mənim arzum olub və Allahdan qismətim bu oldu ki, bu il mənə Həcc ziyarəti nəsib oldu, şükür.
- Bu ziyarətdən sonra Emilin həyatında nələr dəyişdi?
- Həyatımdakı dəyişiklik o oldu ki, həyata baxışım, insanlara davranışım çox dəyişdi.
- Bəzən deyirlər, Emil bu sənətə əyləncə kimi baxır, bu fikirlə razısan?
- Bu fikirlə razı deyiləm. Çünki sənətimə çox ciddi baxıram.
- Nə vaxt təəssüf hissi keçirmisən?
- Atamı itirəndə.
- Uğursuzluğun çox olub?
- Demək olar ki, heç vaxt olmayıb.
- Yeni ailə qurmusan. Ailə qurandan sonra hansı xüsusiyyətlərin dəyişdi?
- Qızlarla ünsiyyətimə son qoydum.
- Sirr deyilsə, toylara neçəyə gedirsən?
- Bütün toyu 4 min manata, yarım saatı 1000 manata.
- Ulduzluq sindromuna tutulan həmkarlarına münasibətin necədir?
- Pis baxıram. Ulduzluq zirvəsində özlərini hiss edənlər gözdən düşürlər və şadlıqlarına şit edənlərdir.
- Şou meydanında özünə hansı çərçivəni yaratmısan?
- Çərçivə yaratdım oğlanlığımla, kişiliyimi itirməməklə özümü sevdirdim.
- Səncə mənliklərini, kişiliklərini itirənlər çoxdur sənətdə?
- Xalqın gözü tərəzidir.
- Bəs kimləri bəyənmirsən bu sənətdə?
- Kim ki özünü dartır, mən bəyənmirəm elələrini.
- Adətən bir çox gənc müğənnilərin musiqiyə olan sevgisi "palatka" toylarından başlayıb. Sən musiqini necə olub sevmisən?
- 2 gözümü dünyaya açan gündən sənətkarları evimdə görmüşəm, ona görə də çox sevmişəm bu sənəti.
- Nəyə peşmansan?
- Həyatımda böyük avtomobil qəzası olub, ona çox peşmanam.
- Sənin üçün məhəbbət nədir?
- Mənim üçün məhəbbət hörmət, qeyrət deməkdir.
- Həyatda səni nə ağladıb?
- Ziyarətdə olmağım, atamın itkisi.
- Kədəri dəf etmək üçün nə edirsən?
- Yalnız ibadət edib, Allahıma şükür edirəm.
- Emil Bədəlovun "Saqqız" mahnısını bir çoxları bəyənmədi. Səbəb nə idi?
- "Saqqız" mahnım sevildi. Sonralar gördülər ki, çox nahaq yerə qəbul etməmişdilər. Bu mahnım çox söz-söhbətə səbəb olsa da, yetərincə sevildi.
- Toydan başqa gəlir mənbəyin varmı?
- Obyektim var. Kişi kimi pul qazanıram.
- Qadını xoşbəxt etmək üçün nə lazımdır?
- Diqqət, sevgi-hörmət lazımdır.
- Hamı bilir ki, qadına sponsorluq edən ondan təmənna güdür. Bəs kişilərə bəzi sponsorlar niyə bahalı maşın, bir çox hədiyyələr verir? Bu, şou-biznesin yazılmamış qanunudur?
- Onu dəqiq deyə bilmərəm, insan ağıllı olanda hər şey əldə edə bilər.
- Sənətdə ilk müəllimin kim olub? Kimdən xeyir-dua almısan?
- Azər Zeynalovdan almışam.
- Qarşına təhlükəli qadın çıxıb?
- Dəfələrlə, Allah uzaq eləsin.
- Şəlalə sənin üçün nə deməkdir?
- Allahın möcüzəsi, ruzi-bərəkətdir.
- Həyat insanı çətinləşdirir, yoxsa insan həyatını?
- Həyat insanı çox çətinləşdirir.
- Romantik insansan?
- Elə də yox.
- Qalmaqal nə deməkdir sənin üçün?
- Çox saçmalıq, əhəmiyyətsiz bir şeydir.
- Səhnə mədəniyyətində ən çox nəyə fikir vermək lazımdır?
- Səhnədə gərək kişi kimi olasan. Kişiyə yaraşmır səhnədə bəzi bəzək-düzək.
- Klipmeyker Zöhrab Ağayev iddia edir ki, bir çoxları şou-biznesdə bambılıdır, hamı ondan qorxur, səncə səbəb nədir? Niyə ondan qorxmalıdırlar?
- Bilmirəm o, kimə bambılı deyir. Səbəbini o bilər. Qaldı ki, ona sual verin görək Emil Bədəlov səndən qorxur? Görün nə cavab verəcək? Hamını deyə bilməz ki, məndən qorxur.
Məşhur "Saqqız" mahnısının ifaçısı ilə müsahibəm ayaqüstü oldu. Suallar da az idi, cavablar da. Nə mən qır-saqqız olmadım, nə də o cavabları saqqız kimi uzatmadı.
Şəlalə kənarında görüşənədək...
Şəlalə Nəriman
O.M.



































































.jpg)
.jpg)
.jpg)
























