
"Fəxri adlar heç kimə lazım olmayacaq"
Zaman-zaman incəsənət xadimləri, şou biznes müğənniləri fəxri adlarla təltif olunurlar. Bəziləri bu ada layiq olur, bəziləri isə istehza doğurur. Bəzən də elə olur ki, illərini incəsənətə həsr etmiş, sadə xalqın sevimlisinə çevrilmiş sənətkarlar dövlət tərəfindən unudulurlar. Onlardan biri də sevən gənclərin sevimlisi Cabbar Musayevdir. 31 ildir sənətdə olan müğənni fəxri ad almamağına görün necə aydınlıq gətirdi: "Müğənnilər var ki, qırx ildir sənətdədir, hələ də ad almayıb. Ad almaq bu sənətlə bağlı deyil. Əvvəl SSRİ-nin dövründə "Əməkdar artist", "Xalq artisti" adlarını əməksevər müğənnilərə, xalq içində ad alanlara verirdilər. Mən şəxsən can atmıram ad almağa. Fəxri ad almaq elə-belə şeydir. Ad almaq üçün birinci növbədə xahiş lazımdır. Yüksək təbəqədə, yuxarıda oturanlar var ki, bu işlə məşğuldur. Fəxri ad almaq üçün yuxarılara "xod" tapmaq lazımdır. Gərək kimsə səni tapşırsın ki, sənə də ad versinlər. Elə bir insan tanıyıram ki, bir manat pulu yoxdur, amma ad veriblər. "Durna teli" ansamblı yaranan gündən bir çox qastrollarda, cəbhə bölgələrində çıxışımız olub. Hər bir gözəl mahnım mənim üçün karyeradır. Kimsə mənə ad verəcəksə, kiməsə gedib ağız aça bilmərəm. Vaxt olacaq, bu adlar da heç kimə lazım olmayacaq. Əsas xalq sevirsə, məclislərində görmək istəyirsə, mənim üçün bəsdir. Müğənniyə xalqın sevgisi lazımdır".
Fikrimcə, əməyini populyar musiqilərin yaranmasına sərf edən, xalqın sevimlisinə çevrilən əsl sənətkar həm əməkdar artistdir, həm xalq artisti...
Şəlalə Nəriman
O.M.