İlham Mirzəyev Əlcəzairdə beynəlxalq konfransda çıxış edəcək

İlham Mirzəyev Əlcəzairdə beynəlxalq konfransda çıxış edəcək

16 Dekabr 2011 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Psixoloq alim kimi tanıdığımız məşhur aparıcı İlham Mirzəyev Əlcəzairdə elmi səfərdə olacaq. ANS PRESS-in məlumatına görə, onun bu səfəri 2011-ci ildə İslam Mədəniyyəti Mərkəzi elan edilmiş Əlcəzairdə keçiriləcək "İman Yolları" adlı Beynəlxalq Konfransda iştirakı ilə bağlıdır. Psixologiya elmləri doktoru İlham Mirzəyev dünya səviyyəli "İmam Yolları" adlı Beynəlxalq Konfransda "İman yollarından İslam sivilizasiyasına" adlı elmi məqalə ilə çıxış edəcək.

17-21 dekabr tarixlərində keçiriləcək beynəlxalq konfransa dünyanın 52 ölkəsindən alimlər dəvət edilib. Bu heyətin içində Azərbaycan alimləri də var. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun alimləri - fəlsəfə elmləri doktoru Zöhrə Əliyeva, psixologiya elmləri doktoru İlham Mirzəyev, fəlsəfə elmləri doktoru Roida Rzayeva və Nizami Gəncəvi adına Ədəbiyyat və İnstitutunun elmi katibi, ərəbşünas, filologiya elmləri doktoru İmamverdi Həmidov bu tədbirdə Azərbaycanı təmsil edəcəklər.
Qeyd edək ki, konfrans CNRPAH (Milli Elmi Araşdırmalar Mərkəzi) tərəfindən təşkil olunub. Konfransın təşkilatçısı elmlər doktoru və professor Zaim Xenşlavidir. İlk dəfədir ki, Azərbaycandan Əlcəzairə böyük bir alim dəstəsi dəvət olunur. Azərbaycanla Əlcəzair arasındakı mənəvi körpünün təməli artıq XIV əsrdə qoyulub.
Xatırladaq ki, 2009-cu ildə Azərbaycanın paytaxtı Bakı İslam Mədəniyyəti Mərkəzi seçilmişdi.

O.M.