Aşıq Dəmirin qardaşı 33 ildən sonra tapıldı

Aşıq Dəmirin qardaşı 33 ildən sonra tapıldı

15 Dekabr 2011 00:01
Bəyəndim (0) Bəyənmədim (0)
Nəsrəddin Vəliyev bir neçə aydır doğma vətəni olan Gədəbəyin Arabaçı kəndindədir

Bugünkü məlumatımız aşıq sənətinin layiqli təmsilçisi Aşıq Dəmir Şınıxlıdandır. ATV-də yayımlanan "Yağ Kimi" verilişində məşhur "Ayrım salatı"nı təqdim edən Vəliyev Dəmir Allahyar oğlunu çoxlarınız tanıyırsınız. O, yüksək ifaçılıq sənəti ilə yanaşı həm də insani keyfiyyətləri ilə tamaşaçıların yaddaşına həkk oldu.

Oxumeni.az-ın etibarlı mənbələrdən aldığı məlumata görə, Aşıq Dəmirin böyük qardaşı Nəsrəddin Vəliyev 33 il idi ki, ailədən ayrı düşmüşdü. Uzun illər onun barəsində məlumat almaq mümkün olmamışdı. Ailəsi, qohumları bu illər ərzində onu itkin düşmüş hesab edirdilər. Lakin 1978-ci ildən bu günə kimi nəticə verməyən axtarışlar, nəhayət ki, bu il öz məntiqi sonluğunu tapdı. Nəsrəddin Vəliyev xeyirxah həmyerlilərindən birinin məsləhəti və dəstəyi ilə doğma kəndi olan Arabaçı kəndinə zəng vurdu. Ailə üzvləri ilə göz yaşları içində xeyli danışdıqdan sonra tezliklə vətənə dönəcəyinə söz verdi. Bu şad xəbər ildırım sürətilə kəndə, Şınıx mahalına, ümumən Gədəbəyə yayıldı. Tanış-bilişlər gözaydınlığı vermək üçün Vəliyevlər ailəsinə axın etməyə başladılar.

Nəhayət, bir qərinədən sonra ayrılığa son qoyuldu. Allahyar kişi böyük oğlunun gəlişi münasibətilə qurbanlar kəsdi, şadyanalıq etdi. Əzizləri, ailə üzvləri, qohumları və tanışları ilə xeyli söhbət edən Nəsrəddin Vəliyev sonda "vətənsiz yaşamaq mümkün deyilmiş!" deməklə indən belə həyatını doğma kəndində davam etdirəcəyini bildirdi.

Aşıq demişkən:

Əziziyəm, çapar gəz,
Bağda gülü qopar gəz.
Qürbətdə xan olunca,
Vətənində sipər gəz.

Könül Aypara

O.M.