Röya Ayxan məhkəmələrdən şikayət etdi

Röya Ayxan məhkəmələrdən şikayət etdi

13 Dekabr 2011 13:16
Bəyəndim (0) Bəyənmədim (0)
Prodüser Tolikin daşlamadığı adam qalmadı

Bu gün "Günəbaxan" verilişinin qonaqları olan prodüserlər arasında möhkəm qalmaqal yarandı. Hər cəhətdən tanınan Tolik (Tarix) ilk əvvəl qonaqlardan biri olan müğənni Rəhiləyə ("Lalə" qızlar ansamblının üzvü), "bağışlayın, dönə-dönə üzr istəyirəm, deyirsiniz ki, mənə prodüser lazım deyil, amma görürsünüz, mən sizi tanımıram", - deyə söz atdı. Ardınca "Kristal" qrupunun rəhbəri, öz həmkarı Mədinə Məliklə höcətləşməyə başladı. "Sizi Rusiyaya təşkilat göndərmişdi konsert verməyə. "Qırmızı Aypara" təşkilatının xətti ilə ora getmisiniz. Burda nə var ki? Niyə ad çəkmirsiniz?" - deməklə qarşı tərəfi qızışdırmış oldu. Mədinə xanımsa, ""Novruz Aslanla bağlı olmayıb bu konsert", - desə də, məsələyə heç cür aydınlıq gətirə bilmirdi. Belə ki, verilişə odlu-alovlu gəlmiş Tolik nəinki ona, heç kimə danışmağa imkan vermirdi. İşi belə görən "Kristal"ın rəhbəri, "əgər sən danışacaqsansa, mən mikrofonu qoyub getməli olacağam. Bu, sənin xasiyyətindir, heç kimə imkan vermirsən", - deməklə narazılığını bildirmiş oldu.

Onu da əlavə edək ki, reklam fasiləsindən sonra Tolik Mədinə xanımın yaxasını buraxıb, həmkarı Əlisoyun ünvanına xoşagəlməz ifadələr işlətməyə başladı. Niyə məhz Əlisoy? Əlisoy adlı birisi müğənni olmaq istəyən Sevinc adlı xanımdan külli miqdarda pul alaraq, onu tezliklə məşhur edəcəyini vəd edib. Aradan xeyli vaxt keçsə də, Əlisoyun təşkilatçılığından xəbər-ətər çıxmayıb. İşi belə görən A.Sevinc Tolik və Röya Ayxanın məsləhətilə fırıldaqçı prodüseri məhkəməyə vermək qərarına gəlib. Ancaq nədənsə Yasamal rayon məhkəməsi şikayət üzrə aparılan işi gecikdirməkdədir.

Bu məsələ ilə bağlı verilişə Röya da bağlandı: "Bu Əlisoydur, kimdir, Sevincə zəng vuraraq deyir ki, məni nə üçün vermisən məhkəməyə, onsuz da hər proses zamanı 200-300 manat verib, işi uzadıram. Bu, nə deməkdir? Prezidentimiz tez-tez onların maaşlarını qaldırır ki, korrupsiya aradan qalxsın. Bunlar da 200-300 manata qalıblarsa, kül bizim başımıza! Belə çıxır ki, mən də 500 manat verib, kimi istəsəm, ləkələyə bilərəm? Nə istəsəm, edə bilərəm? Bir qadın kimi xahiş edirəm Yasamal rayon məhkəməsinin sədrindən, bu işə düzgün baxılsın! ANS-i hamı izləyir, sizin səsiniz hər yerə çatır, inanıram ki, məsələ həlli yolunu tapacaq!"

Məhkəmələr əvvəllər Xalq Məhkəməsi adlanırdı...

Könül Aypara

O.M.