QALMAQAL-Müğənnilərin arasını vurdular

QALMAQAL-Müğənnilərin arasını vurdular

9 Dekabr 2011 13:07
Bəyəndim (0) Bəyənmədim (0)
Mətanət Əsədova və Zöhrə Abdullayeva sərt danışdılar!

Qalamaq artıq şou biznesin ayrılmaz tərkib hissəsinə çevrilib. O, adi insani münasibətlər kontekstindən çıxaraq, tərəflər üçün reklam vasitəsi olub. Bugünkü həmsöhbətlərimin reklama ehtiyacı olmasa da, onlar da nədənsə qalmaqalın obyektinə çevriliblər.

Mətanət Əsədova və Zöhrə Abdullayevanın arasından qara pişik keçib. Etibarlı mənbədən aldığım məlumata görə, bu 2 sənətçi xanım arasında kimlərsə söz aparıb - gətirib, münasibətləri də bu səbəbdən pozulub. Qalmaqalın səbəbini öyrənmək üçün hər iki xanımla əlaqə saxladım. Bir böyük kimi Zöhrə Abdullayevanın fikrini ilk olaraq çatdırıram.

"Sizə kim deyib biz dalaşmışıq? Mən şou adamı deyiləm", - deyə narazı halda sözə başlayan Zöhrə xanım bildirdi ki, qalmaqalla sənətdə, gündəmdə qalmaq istəmir: "30 ilin sənətkarıyam. O cavandır. Hərənin öz çəkisi var. Mənim onunla adımı hallandırmayın. Ola bilər ki, kimlərsə arada söz-söhbət gəzdirdi, mənə bir cür, ona da başqa cür çatdırdılar. Neyləmək olar? Birinci, yaş fərqimiz var, övladım yerindədir. Yaxşı oxuyur, sənəti var, nə deyə bilərəm? O, nə deyir desin, hələ dəryada üzməyib. Mətanət çox kövrək qızdır, ürəyi yumşaqdır, kasıba əl tutandır. Səviyyə söhbəti var, məlum məsələdir. Xahiş edirəm, mənə hörmətiniz varsa, mənim adımı onunla qoşa çəkməyin. Kimsə qızışdırır, bilmirəm, amma Mətanət böyük-kiçik yeri biləndir. Mən qalmaqal adamı deyiləm, nə də bu şou-biznesdə deyiləm. Ona qarşı fikrim müsbətdir. Pis fikrim yoxdur, bu söhbəti də bağlayaq. Qorxaq adam deyiləm ki, nədənsə, kimdənsə qorxum. Sadəcə, bu söhbəti istəmirəm şişirtmək. İnanmıram da ki, Mətanət mənə cavab qaytarar. Çünki böyük-kiçik yeri biləndir.

Qarşı tərəfin fikrini öyrənmək üçün Mətanət Əsədova ilə əlaqə saxladım. Mətanət xanım fikrini əsəbi halda bildirdi:

- Bilirsiniz, çox bulanıq məsələdir. Səviyyəmi itirmək istəmirəm. Mən sənətkaram, sadəcə, bir-birimizə hörmətimiz olub. Evlərimizdə çörək kəsmişik. Küsülü olsaq da, söz-söhbətimiz düşsə də, səbəb odur ki, kimlərsə ortada söz gəzdirir. Həyatı boyu Zöhrə ilə barışmaram. Heç vaxt da olmayacaq. Bunu belə də bilin. Qaldı, mənə çox maraqlıdır, niyə biz vaxtında mehriban olanda çatdırmırdılar sizə, söz-söhbət olan kimi çatdırdılar? Ana-bala arasında da söhbət olur. Bir-birimizə doğma olmasaq da, həmişə özümə doğma bilmişdim onu. Söz-söhbət elədir ki, saqqızı çeynədin, çürüdü, atıb gedirsən. İstəmirəm xalqım məni qalmaqalda görsün. Mənim boş vaxtım da yoxdur. Bütün günü sənətimlə məşğulam. Allah Zöhrəyə can sağlığı versin, nəvə toyu görsün. Mənə artıq heç nə maraqlı deyil. Arada kimsə söz gəzdirirsə, onun da bəlasını versin. Artıq bu barədə heç kimə heç nə məlumat verməyəcəyəm. Əslində, istəməzdim ki, bu haqda yazasınız. Haradan məlumat tapdınız, bilmirəm.

Söhbət arasında Mətanət xanım bildirdi ki, bir çox həmkarları ondan qorxur: "Bilmirəm nədəndir, hansısa verilişdə mən olanda əvvəlcə zəng edib maraqlanırlar. "Mətanət oradadırsa, gəlmirəm", deyirlər. Səbəb nədir, bilmirəm. Əzrail deyiləm ki, qorxsunlar. Sadəcə, mənim sənətim var. Kimsə də mənim haqda nəsə danışsa, onu təkbətək görüşə çağırıb başa salmağa qüvvəm var. Bir sözlə, incəsənət aləmində olan müğənnilərin bir çoxu məndən qorxur. Bundan sonra məndən nəsə yazsanız, Zöhrə Abdullayeva haqda sual verməyin, çox xahiş edirəm. Əsəblərim korlanıb, hər şeyin vaxtı var. Mən Zöhrə Abdullayeva səhifəsini bağladım. Heç vaxt da onunla məni danışan görməyəcəksiniz.

Göründüyü kimi, həmsöhbətlərim son dərəcə ehtiyatlı danışsalar da, arabir işlətdikləri kəlmələrdən aradakı gərginlik hiss olunurdu. Etibarlı mənbənin verdiyi məlumata görə, buna yetərincə səbəb var. Tərəfimizdən jurnalist araşdırması aparılır, nəticələrlə sizləri bir neçə gündən sonra tanış edəcəyik.

Şəlalə Nəriman

O.M.