ARAŞDIRMA-Şou-biznesdə siyasət

ARAŞDIRMA-Şou-biznesdə siyasət

5 Oktyabr 2011 12:59
Bəyəndim (0) Bəyənmədim (0)
Yerli müğənnilərin maddi vəziyyəti pisləşməkdədir

Siyasət hər bir sənətdə özünü büruzə verir. Hətta mədəniyyət və incəsənətdə də. Bu bir kənara qalsın, şou-biznesdə belə siyasi addımlar mövcuddur. Kimi bu oyunda uduzur, kimi isə qələbə çalır...

Ümumiyyətlə, iqtisadi böhrandanmı, ya artıq camaatın qəflət yuxusundan ayılmasındanmı müğənnilərə kəsilən qiymət sürətlə aşağı düşməkdədir. İndiki zəmanədə "qonorar" söhbəti nadir hallarda müzakirəyə çevrilir. Çünki bəziləri "bir manatsız qalmaqdansa, elə beş manatımı cibimə qoyaram" düşüncəsilə ağıllı hərəkət edirlər. Bunu çoxlarına şamil etmək olar. Hətta fəxri fərmanlara və ya adlara layiq görülənlərə də. Məsələn, xalq artisti Səməd Səmədov /gülməyin, o, həqiqətən də sadə xalqın artistidir/ daha heç bir müştəri ilə qiymət söhbəti aparmır. Ad alsa da, Ağasəməd Səmədov "beş" manatını alıb qoyur cibinə. "Əllər! Əlləri görmürəm!!!" - deyə qışqıra-qışqıra "Timteyşn"i oxuyur. Sonra da sakitcə evinə yollanır. Əslində, düz iş görür. Belə də lazımdır. Əsl siyasətçidir!

İzzət Bağırov, Mənzurə Musayeva, Ədalət Şükürov və bir çoxları da bu qəbildən olan müğənnilərdir. Onu da əlavə edək ki, elə populyarlar da artıq göyün yeddinci qatından dəm vurmurlar. Hər kəs daimi çörəkpulundan olmamaqdan ötrü yerini bilməyə başlayıb.

Belələri şükürlüdür. Şou-biznes nümayəndələri arasında elələrinə rast gəlmək olar ki, hazırda qəpiyə güllə atmaqdadır. Məsələn, bir vaxtlar "pul bir məndə, bir də ingilisdə" - deyən ingilis dili müəlliməsi Elnarə Xəlilova indi maddi cəhətdən əziyyət çəkir. Üç uşaq anası olan bu müğənni səhnədən uzaqlaşan kimi yeri yeni ulduzlarla doldu. Bəli, bir daha sübut olundu ki, əvəzolunmaz adam yoxdur...

Xuraman Şuşalı da korluq çəkənlər sırasındadır. Bir müddət əvvəl analıq məzuniyyətinə çıxan, ardınca Ramazan ayı ilə üzləşən Xuraman olan-qalanını da yeyib qurtarıb. İndi məclisləri, şou-proqramları özü gəzir ki, pul qazansın. Xatırladaq ki, vaxtilə o da qaz vurub, qazan dolduranlardan idi.

Belələri çox deyil. Aralarında diribaşları da var. Götürək elə Röyanı. O vaxt ərə gedəndə millətin 90%-i bu qızın tezliklə boşanacağını söyləmişdi. Amma proqnozlar yanlış çıxdı. Röya bir övlad anası olmaqla yanaşı pərəstişkarlarını da unutmadı. Eyni zamanda üzərində işlədi. Bu səbəbdən pulsuz qalmadı. Pul pulu gətirdi. Röya pulunun hesabına ətrafındakılara da əl tutmaqla etibar qazanmış oldu. Bir sözlə, siyasi yollarla bütün işlərini yoluna qoymağı bacardı. Deməli, siyasət hər yerdə, hətta şou-biznesdə belə böyük rol oynayır.

Ona görə siyasətçilər də ən parlaq artistlər sayılırlar...

Könül Aypara

O.M.