Röya Ayxan Türkiyə mediasında - FOTO

Röya Ayxan Türkiyə mediasında - FOTO

28 Dekabr 2015 11:38
Bəyəndim (0) Bəyənmədim (0)
"Rir gün mən də kiminsə saydığı onluqda olaram"

Röya Ayxan Türkiyənin məşhur "Hürriyet" qəzetinə müsahibə verib. "Hürriyet" qəzeti ifaçını Azərbaycanın Rihannası kimi təqdim edib.

Röya müsahibəsində "sevgimi yalnız divarlara "Səni sevirəm" yazaraq ifadə edə bilərəm" – bildirib. Üsyankar və dəlisov olsa da, sevdiyi insana zərər vermədiyini etiraf edib.

- Birdən-birə Türkiyə şou-biznesinə və mahnı reytinqlərinə daxil olanRöya kimdir?

- 33 yaşında öz ayaqları üstündə dayanan, Azərbaycanda sözünü demiş və 6 yaşında oğul övladı böyüdən bir qadındır.

- Azərbaycanda kifayət qədər tanınırsınız. Musiqi karyeranız necəbaşlayıb?

- Səhnəyə ilk dəfə 16 yaşımda çıxmışam. Onda bir qrupda ifa edirdim. İki il həmin qrupda çıxış etdim, sonra solo karyeraya başlamağa qərar verdim. Belə deyək, Beyons kimi qrupdan ayrılıb, öz yolumla getdim. Qrupun digər nümayəndələri daha gözəl və daha güclü olsa da, mən solo karyeraya gedən yolda daha uğurlu oldum. Deməli, Allah alnıma bunu yazıb. O, insanın ürəyinə görə verir. (Gülür)

-Son bir neçə aydır sizin "Kesin Bilgi" adlı mahnınızı hər yerdəeşidirik. Mahnının sözləri Gülşənə aiddir. Gülşənlə əməkdaşlığınız necə başladı?

- Gülşəni çoxdan tanıyırdım. Ona baxanda həmişə "Mənim qadınımdır" deyirdim. İki il əvvəl Azərbaycanda konsert vermişdi. Onunla həmin konsertdə tanış oldum. Ümumiyyətlə, mahnı bəstələyən və ona söz yazan qadınları sevirəm.

- Gülşən öz bəstəsini kiməsə verməzdən əvvəl həmin insanı bir müddət müşahidə edir. "Kesin Bilgi"də ehtiraslı və şəhvətli bir qadın görürük. Həqiqətən, elə birisiniz?

- Əslində, əvvəlcə mənə başqa bir mahnı vermişdi. Onu mən evli olduğum müddətdə yazmışdı. Sonra məni yaxından tanıyanda "Mən sənə başqa mahnı yazacağam" dedi və "Kesin Bilgi"-ni yazdı. Bu mahnını mənə verdiyi zaman artıq həyat yoldaşımdan ayrılmışdım. Bu mahnı o dövrdə ruh halıma uyğun idi.

- "Kesin Bilgi " mahnısına çəkilmiş klipdə avtomobili parçalayırsınız. Real həyatda da belə çılğın insansınız?

- O qədər də yox. Avtomobil parçalamaq çox vəhşi hərəkətdir. Mən yalnız divarlara "Səni sevirəm" yazacaq qədər sevə bilərəm. Sındırmaram, parçalamaram, dağıtmaram. Dəlisov və üsyankar olsam da, sevdiyim insana zərər vermərəm.

- O halda duyğularını gizlədə bilməyən birisiniz.

- Bəli, çox sevər, çox qəzəblənərəm. Məndə "qızıl orta" deyilən anlayış yoxdur. İnsanlara qarşı həssasam. Bir də utancaqlıq hissim var, insanların qəlbinə dəyməyi sevmirəm.

- Daha əvvəl də Soner Sarıkabadayı, Əflatun kimi musiqiçilərlə işləmisiniz. Oxuduğunuz mahnılara albom buraxmağı düşünürsünüz?

- Hələ ki, bir qədər tezdir, amma olacaq. Çünki Türkiyədə insanlar məni və səsimi yeni-yeni tanımağa başlayırlar. Bundan sonra bir neçə mahnı da oxumalıyam. Albom sonda olacaq. Daha gözəl mahnılar oxumaq istəyirəm.

- Amma qulağımıza altı mahnı oxuduğunuzu pıçıldadılar. Kimlərin mahnıları var?

- Düz eşitmisiniz, amma deyə bilmərəm (Gülür). Bircə onu söyləyə bilərəm ki, bomba kimi mahnılar olacaq. Bəlkə, bir duet də oxuyacağam, kim bilir... Həmin insan da çox sevdiyim, hörmət etdiyim biridir.

- Azərbaycan-Türkiyə arasında yollarda qalmısınız. Üstəlik, oğlunuzla məşğul olmalısınız. Bütün bunların öhdəsindən necə gəlirsiniz, yorulmursunuz?

- Öhdəsindən çox gözəl gəlirəm, mən çalışmağı sevən qadınam. Enerjim tükənmir! Şən qadınam. Oğlumu da dəfələrlə buraya gətirmişəm, Türkiyəni çox sevdi. Amma on il sonra o məni axtarmayacaq, mən onu axtaracağam. Ondan ötrü darıxacağam. Hissiyyatlı uşaqdır, məni başa düşür. Arxamdan heç ağlamadı. Konsertə gedirəm deyəndə xoşbəxt olur.

- İllər öncə özünüzü Azərbaycanda aktrisa kimi də sınamısınız. Türkiyədən də təklif gəlib?

- Bəli, illər əvvəl bir filmdə rol almışdım. Sevgilisindən ayrılanda İstanbula qaçan bir qadını canlandırırdım. O, ilk və son rolum oldu. Amma demək ki, İstanbul taleyimdə varmış. Lakin daha aktyorluq edə bilmərəm. Çünki çox çətindir. Olmadığım kimi görünmək, oynamaq mənə uyğun iş deyil. Hətta hərdən 16 saatlıq klip çəkilişində belə ağlayıram.

- Onda sizin haqqınızda daha vətənə qayıtmacayaq və Türkiyədə musiqi karyerasını quran Röya deyə bilərikmi?

- Bəli, eynilə. Sevin məni. Məni sevin ki, mən həmişə burada qalım. Burada çox gözəl insanlar var.

- Pərəstişkarı olduğunuz və ya kumiri olduğunuz biri varmı?

- Bu sualı 10 il əvvəl soruşsaydınız, bəlkə də, cavab verə bilərdim, indi deyə bilmərəm. Çünki indi formalaşmış qadınam. Lakin Gülşəni çox sevirəm. Sevdiyim 10 insanın adını çəkə bilərəm. İnşallah, bir gün mən də kiminsə saydığı onluqda olaram.

- Bəs, kimlə duet oxumaq istərdiniz?

- Mən bir oğlanla duet oxumaq istəyirəm. Mabel Matizi çox bəyənirəm, səsinə heyranam. Bilirəm, tərzimiz uyğun gəlmir, amma onu dinləyəndə sakitləşirəm. Sənətkar onsuz da bağırmalı deyil, ruha rahatlıq verməlidir. Mabel də elə biridir. (publika)

Mediainfo.az