Yeni qalmaqal: Əli Mirəliyev Namiqin sirlərini açdı!

Yeni qalmaqal: Əli Mirəliyev Namiqin sirlərini açdı!

29 İyul 2011 00:03
Bəyəndim (0) Bəyənmədim (0)
Qarşı tərəf müharibəyə hazır olmalıdır

Bu yaxınlarda Əli Mirəliyev bizim saytın qonağı olanda ona belə bir sual ünvanladım:

- Bu sənətdə kimin oxumağını və hansı qrupu bəyənirsiniz?

O da cavabında belə dedi:

- Müğənnilərdən Elton, Azər Zeynalov, Teymur Əmrah, Nurlan Növrəsli, Aygün Hümbətovanı qəbul edirəm. Qruplardan "Qaya", "Kristal" qruplarını bəyənirəm. Başqa heç kimi.

Nədənsə onun fikri digər həmsöhbətim Namiq Qafarovun xoşuna gəlmədi. Namiq EN də Əli Mirəliyevə qarşı sərt ittiham irəli sürdü:

- Mən razıyam. Mənim qrupumda olan uşaqlardan biri oxusun, Əli Mirəliyev də... Əli Mirəliyev "kiki"dən başqa heç nə bilmir. Gedib nitqini düzəltsin, sonra müğənnilər və qruplar haqqında danışsın. Hamı ondan çəkinir. Mənim qorxacaq yerim yoxdur. Əlini oturtmağa qadirəm. Əgər mən pisəm, niyə Əli dəfələrlə deyib ki, "mənə köməklik elə"? Gedib əyri-əskik nitqini, səsini düzəltsin. Pəltəkdir, mahnıları bərbad günə qoyur, "yaraşaydım" sözünü "yalataydım" deyir. Bu insan hamıya naz edir, "ş" hərfini öyrənsin, sonra ona-buna ilişsin.

Namiq EN-in bu sözləri sanki qığılcımın üstünə yanacaq tökdü. Qarşı tərəfə çevrilən Əli Mirəliyev mənimlə əlaqə saxladı. Soruşmağa peşman oldum ki, həqiqətən "yaraşaydım" sözünü "yalataydım" oxuyursunuz, müğənni ağzından od püskürdü:

- Şəlalə, səndən çox xahiş edirəm, əgər dediklərimin hamısını qeyd edəcəksən yazında, mən öz fikrimi bildirim.

Təbii mən də söz verdim, Əli Mirəliyev açdı ağzını, yumdu gözünü:

- Mən müsahibə verəndə Namiqin adını çəkməmişəm. Öz fikrimi bildirmişəm ki, "Qaya" qrupu ilə "Kristal" qrupunu bəyənirəm. Yerdə qalan başqa qrupları bəyənmirəm. Namiqə demək lazımdır, min dənə qrup var, "soğan yeməmisən, niyə için göynəyir?" Mən pəltəyəm, mənə nağara çalan dil qüsuru öyrədəcək? Mən "Gülarə" adına Dövlət ansamblında oxumuşam. Rəhmətlik Gülarə xanım niyə mənə qırx ildə demədi, Əli dilində qüsur var? "Yaraşaydıq" sözünü düz demirdimsə, Gülarə xanım onda mənə deyərdi. Hansısa cılız bir nağara çalanın məndə qüsur tutmağı, bu bədbəxtlikdir. Bu boyda ANS TV-də bütün bəstəkarların mahnılarını əzbərdən oxuyuram da, deyirəm də. Münsiflər heyətində oturmuşam. Mənim 62 yaşım var, Namiqin 45. Mən onu yerində oturdaram. Müsahibəsini oxudum. Deyir, 40 yaşım var. Ala, kişi yaşını gizlətməz. Sənin 45 yaşın var, sən nağara çalan olmusan. Hardan olub ki, Daxili İşlər Nazirliyində işləyəsən? Səni ilk dəfə "Dom pioner"də nağara çalanda mən görmüşəm. Sən Namiq mənim ağzımı açma, sənin haqqında çox şey bilirəm. Mənim oxumağıma da sataşma. Bu sənə bir xəbərdarlıqdır. Namiqlə "Maşın Şou"-da tanış olmuşam. İlk dəfə yaxınlaşıb mənə dedi: "Tanımadın?" Dedim: "Yox". Bir də dedi: "Yadına gəlir, "Dom pioner"də nağara çalırdım, həmin oğlanam". Öz-özümə fikirləşdim, görəsən, odur. Əvvəl nə gündə idi, adam qorxurdu baxmağa. Qara, arıq oğlan idi, indi bir az gözə gəlimlidir. Gördü nağaradan heç nə çıxmır, oldu prodüser. Meydanda at oynatmaq istəyir ki, mən də varam. Mən hələ onun nə qrupu var, yadımda deyil. Neçə mahnı vermişəm ki, bu mahnıları sənin qrupundakılar oxusunlar. Dünənki uşaq-muşaq mənimlə rinqə çıxmaq istəyir. Özü mənə ilk dəfə dedi: "Toylara istəsələr, çağırım". Mən də dedim: "Olar, istəsən, telefon nömrəmi ver". Daha deməmişəm ki, mənə prodüserlik elə. Azərbaycanda prodüser yoxdur, yerindən duran deyir mən prodüserəm. Dağıl, a dünya. Gör məndə "ş" qüsurunu kim tutur? Mənim dilimdə qüsuru Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Baloğlan Əşrəfov, Qəndab Quliyeva, Teymur əmi tuta bilər. Sən kimsən, ay Namiq, dilimdə qüsur tutursan? Bir nağaranı "dappa durup" eləyə bilmədin. Sən bildin ki, səndən güclü musiqiçilər var. Onların yanında sən hərəkət edə bilməzdin. Səni udardılar. Ay bədbəxt insan, 30 ildir oxudum, Cahangir, Fikrət görmədilər ki, "yaraşaydıq" sözünü mən "yalataydıq" oxuyuram. Yoxsa rəhmətlik Gülarə xanımın ən sevdiyi mahnıydı. Mən o mahnını o dövrdə pis oxusaydım, dəfələrlə mənə o mahnını oxudardılar? Yəqin Namiqin qulağı kar, gözü kordur. Qızıl fonddadır həmin mahnı. Bu mahnımın baş bəlalıdır. Murad Arif bir dəfə efirdə mənə dedi ki, "yalasaydıq" deyirsən. Mən onun da cavabını verdim. Verilişdə oturmuşdum. Dedim: "bala, birinci, sən o mahnıya diqqətlə qulaq asmısan? Efirdəsən, italyan deyilsən, başında şlyapa, gözündə eynək, bizim kimi sənətkarlarla üz-üzə oturmusan. Get, başındakı şlyapanı çıxart, çöldə deyilsən ki, səni gün vursun, şlyapada oturmusan". Mən onu başa saldım və pərt elədim. O, səhvini başa düşdü. Mənim qorxacaq yerim yoxdur. İndi münasibətim Murad Ariflə yaxşıdır. Verilişinə qonaq çağırmışdı. Orda da sözümü ona dedim. Harda da görür, görüşür, öpüşür mənimlə. Sözümün üstündə yenə dururam. Mən "Qaya", "Kristal" qruplarından başqa heç kimi bəyənmirəm. Gündəmdə yaxşı oxuyan qruplar varsa, çıxsın oxusun, mən də deyim, hə, bu qrup yaxşı oxuyur. Məsələn, ANS TV-də üç oğlan var idi, oxuyan qrup idi. Çox gözəl də səsləri var idi, amma SMS həll edirdi hər şeyi. Onları günün bu günü də bəyənirəm. Onlara dəstək olmağa da hazıram. Şəlalə, qalmaqalla gündəmə gəlmək istəsəm, sənin kimilərlə, həm jurnalistlərlə, həm də ürəyim istəyən müğənnilərlə qalmaqal edərəm. Mənə gündəm artıq maraqlı deyil, mən gündəmdəyəm. Namiqə sizin saytın vasitəsilə çatdırıram sözümü, qan çıxmayan yerdən məni qaşıyıb, qan çıxartmasın. Namiqin qrupu gündəmdə yoxdur. EN brazesdi, yoxsa brazesdi bilmirəm. Onların qatarı beş il, altı il bundan qabaq gedib, biletləri də ciblərində qalıb. Son söz olaraq deyirəm. Mənə ilişsə, bu dəfə əlimdə çoxlu faktlar var, fakt əsasında onu biabır edərəm. Əvvəla, yaşına baxsın, həyatını düzəltsin, Allahın bir nağara çalanı nağara çala bilmədi 17 dəfə, bilsin ki, 17 rəqəmini nəyə vururam.

Bu dəfə müğənni sirrini şəlaləyə açdı, dərdini şəlalə ilə bölüşdü. Şəlalə qarşı tərəfi də dinləməyə hazırdır. Axı sirri suya danışarlar...

Şəlalə NƏRİMAN

O.M.