
Tolikdən ibrətamiz əməl
Mediainfo.az xəbər verir ki, Tanınmış prodüser Tarix Əliyev (Tolik) qaz sızması nəticəsində partlayışdan əziyyət çəkən ailəyə baş çəkib. O, əsasən balaca Rəvana həm maddi, həm də mənəvi dəstək üçün onlara qonaq gedib. Tolik bu barədə qısaca olaraq sosial şəbəkələrdə məlumat yerləşdirib:
"İndi Rəvangilin evindən gəlirəm. Allah heç bir ailəyə belə dərd verməsin. Bir gündə ailənin 4 üzvü qaz sızması nəticəsində baş verən partlayışdan yanıblar. Ən çox yanan 6 yaşlı Rəvandır. Hamımız bir olaq, Rəvanın müalicəsində ona yaxından kömək edək. Sağ olsun Faiq mənimlə getdi və təşəkkür edirəm Zaurla günaya, zəng vurub, maraqlanıb, əlaqə saxladıqları üçün".
Xatırladaq ki, Aşurovlar ailəsinin "Kiçik toy" mərasimi faciə ilə nəticələnib. Gecə saat 10-da evə qayıdan ailə işığı yandıran zaman dəhşətli partlayış baş verib. Buna səbəb qaz sızması olub. Partlayış nəticəsində ən çox zərər çəkən 6 yaşlı Rəvan olub. Müxtəlif dərəcəli yanıqlar nəticəsində uşağın bədəni tanınmaz hala düşüb. Rəvanın anası Xalidə xanımın sözlərinə görə, uşağa bir dəfə dəri transplatasiyası əməliyyatı edilib. Lakin bu, sadəcə ağrıları bir az azaltmağa kömək edib. Hazırda uşağa bir neçə əməliyyatı eyni anda etmək lazımdır: əllərində, barmaqlarında və qulaqlarında, sonra isə daha çətini üzündə və başı tüklü hissəsində əməliyyat olmalıdır.
"Ailəmiz ehtiyac içindədir. Partlayan evin sahibi kirayə və təmir pulunu tələb edir. Bütün pullarımız isə Rəvanın müalicəsinə xərclənib. Mən işləmirəm, valideynlərimlə bir yerdə yaşayıram və uşaqlarıma baxıram. Partlayış zamanı yanıq xəsarəti alan ərim də indi öz valideynlərinin yanında yaşayır. O, fəhlə idi, əlləri yandığından heç yerdə işləyə bilmir", - deyə Xalidə xanım bildirir.
Onun sözlərinə görə əməliyyata 25 min dollar lazımdır: "Uşağın yatdığı 5 saylı xəstəxanadan bizə Sankt-Peterburqu məsləhət görüblər."
Uşaq ağrılardan əziyyət çəkir, ana isə heç nə ilə kömək edə bilmir. İmkanı olan şəxlərdən xahiş edirik, bu ailəyə yardımçı olsunlar.
Əlaqə nömrəsi: 051 406 65 94 (Xalidə xanım)
Hazırladı: Könül Aypara