Səidə Sultan canlı yayımda: "Bax, doyunca bax..."

Səidə Sultan canlı yayımda: "Bax, doyunca bax..."

7 Aprel 2015 14:16
Bəyəndim (0) Bəyənmədim (0)
Ümidə Həsənli yazır

Əvvəllər televiziya mənə müqəddəs, əlçatmaz, sehirli bir məkan kimi gəlirdi. Mənim üçün televiziyaya çıxan adamlar ən ağıllı, ən savadlı, ən hörmətli adamlar idi. Bu, əvvəllər idi. Amma çalışırdım ki, ürəyimdə televiziyaya olan məhəbbəti qoruyub-saxlayım.

Son illərsə "Azərbaycan telekanallarına baxmıram" deyən insanları qınayırdım. Fikirləşirdim ki, özünü səviyyəli göstərmək üçün deyir bunu. Amma bu gün həmin insanları rəsmən anladım. Ürəkdən anladım. "Space" telekanalının sayəsində.
Heyf bu telekanala verilən tezliyə, heyf ora çəkilən xərcə, heyf oradakı insan əməyinə. Kanal başdan-ayağa sözün həqiqi mənasında toyxanadır. Toyxana pis yer deyil. Amma efirlə toyxana Üzeyir Mehdizadə ilə Üzeyir Hacıbəyli fərqində bir müqayisədir. Hətta ən ciddi veriliş olan xəbərlər də bu toyxananın fonunda itib-batır. Niyə məhz ən düşük verilişlər bu telekanalda yayımlanır?

Nənəm demiş, sözümün evi var. Səhər instagramda gördüm ki, Xatirə İslam şəkil paylaşıb və Səidə Sultanın "Space"də verilişinə gedəcəyini yazıb. Gözlərimə inanmadım: Səidə Sultan veriliş aparır? Bu qız oxuya bilir ki, hələ bir veriliş də aparır? Marağa açdım online yayımı. Verilişin qonaqları Elza Seyidcahan, aktyor Əkbər Əlizadə və Xatirə İslam idi. Baxıram ki, Səidə Sultan Xatirəni ortadaqaldı oynamağa çağırdı. Şokdayam. Televiziyada ortadaqaldı... Uşaqların küçə oyunu...
Verilişin adı da "Əsl şou"dur. Əgər əsl şou Səidənin "Space"də aparıcılıq etdiyi verilişdirsə onda, çox uzağa getmirəm, Türkiyədə Acunun layihələri nədir?
Düzdür, televiziyanın maarifləndirmək, məlumatlandırmaqla yanaşı əyləndirmək kimi funksiyası da var. Amma bizim milli telekanaldakı bəzi verilişlər "əyləndirmək" yox, insanın bütün əsəblərinə toxunmaq funksiyasını yerinə yetirir.

Oxumağı düz-əməlli bacarmayan Səidə Sultan niyə veriliş aparmalıdır? Onun aparıcı olması aparıcılara təhqirdir. Bütün budlarını göstərən ətək yarığı, qamətsiz çiyinlərdə büzüşən sinə dekoltesi insanda ikrah hissi oyadır. Ona baxanda gəlmiş-keçmiş və var olan yaxşı aparıcılar göz önümə gəldi və içimdən utanc hissi keçdi. Bir neçə dəqiqə olsa belə Səidəyə baxdığım üçün utandım. Niyə, hansı səbəb və zərurətdən Səidə aparıcı olmalıdır? Hanı onun diplomu, sertifikatı? Onu kim efirə hazırlayıb, ona kim danışıq və nitq qabiliyyəti öyrədib? Səidə ayaqüstə dura bilir ki, hələ bir veriliş də aparır? Yeri gəldi-gəlmədi Vaqif Gərayzadə məktəbini gözə soxan maraqsız tip...
Deyə bilərsiniz ki, baxmaq istəmirsən çevir başqa telekanala. Amma axı başqa telekanalda yaxşı veriliş tapacağıma əmin deyiləm. 10 telekanal içərisində ANS və ATV-nin xəbərlər buraxılışını çıxmaq şərti ilə baxdığım 2-3 proqram var ki, onların da konkret vaxtını bilirəm və baxıram.

Səidənin "Əsl şou"suna yaxşı ki, çox baxmadım. Onun bir aralar dəbdə olan biədəb videodan sitat gətirməsi kluminasiya nöqtəsi oldu. O, nə isə reklam edirdi və reklam mətninə "Baax, doyunca bax, sonra həsrət qalacaqsan" – sözlərini də əlavə etdi. Bu qız normalda ağzının danışığını bilmir, gəl ki, aparıcı ola...
Digər aparıcı oğlanınsa, tez-tez "İndi saytlar yazacaq ki, Xatirə ortadaqaldı oynadı, indi yazacaqlar ki, verilişdə filan şey filan oldu" – deməsi də guya özlərinə bəraət qazandırırdı.
Axı, mənim günahım nədir ki, belə insanların aparıcılıq etdiyi telekanala baxmalıyam?

Ümidə Həsənli