Özcan Deniz Nizami Kino Mərkəsində filminin qala gecəsində iştirak etdi - VİDEO
Dünən Nizami Kino Mərkəzdə Özcan Denizin rejissorluq etdiyi "Sevimli tehlikeli" filminin qala gecəsi baş tutdu.
Xatırladaq ki, tanınmış müğənni-rejissor bu münasibətlə filmin heyəti və baş qəhrəmanları Şükrü Özyıldız, Ayça Aysin Turan ilə birgə Bakıya qonaq gəlmişdi. Onlar şəhərimizi gəzdikdən sonra otelə yerləşmiş, axşam saatlarında sözügedən məkana təşrif buyurmuşdular.
Filmin heyəti fanat izdihamı ilə qarşılandı. Tamaşaçılarla birgə "Sevimli tehlike"ni seyr edən yaradıcı heyət sonda alqışlarla yola salındı. Hər kəsə minnətdarlığını bildirən rejissor və baş qəhrəmanlar mətbuat konfransı keçirdilər.
Burada jurnalistlərin sualları cavanlandırıldı. Özcan Deniz "O ses Türkiye"nin qalibi seçilmiş həmyerlimiz Elnur Hüseynov haqqında danışdı. Elnurun səsini çox bəyəndiyini bildirən müğənni onun hətta "Eurovision-2015"də Türkiyəni təmsil etməsinə razı olduğunu da bildirdi.
Bundan başqa, Ö.Deniz Azərbaycanı və azəriləri çox sevdiyini, türklərin türkdən başqa dostu olmadığını xüsusilə vurğuladı. O, Azərbaycan mahnısı ifa etməyi də unutmadı.
P.S. Yeri gəlmişkən, jurnalistlər üçün hər bir şəraiti yaradan Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədovaya dərin təşəkkürümüzü bildiririk.
Hazırladı: Könül Aypara