
Xoşqədəmlə Doğuşun rəsmi nikahları təsdiqləndi!
ATV kanalının "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evlənməsi haqda gəzən söz-söhbətə son qoydu! Belə ki, teleaparıcı dünən "Səni axtarıram"a türk pop ulduzu olan Doğuş və onun anası ilə birlikdə açıqlamalar verdi.
Doğuşla evləndiklərini təsdiqləyən X.Hidayətqızı nikahın mediadan gizli qalmasını əvvəlcədən planlaşdırdığını etiraf etdi: "Doğuş da öz ölkəsində kifayət qədər tanınan insandır. Mən də öz ölkəmdə özümə görə tanınıram. Doğuşla bu şəkildə qərar verdik ki, istəmirik, media bilsin bunu. Öz aramızda olsun. Verilişlərində həmişə insanlara qeyri-rəsmi nikahların əleyhinə olduğumu, kiminsə sevgili saxlamasının əleyhinə olduğumu demişəm. Rəsmi şəkildə ailə qurmaq lazımdır. Mən normal ailə qurmuşam. Bu gün normal şəkildə, ölkəmin, millətimin adına xələl gəlməyəcək şəkildə, adət-ənənələrə uyğun, böyüklərimizin icazə ilə bir ailə qurmuşamsa, məncə, buna sevinmək lazımdır".
Bakıya anası ilə gələn Doğuş isə bildirib ki, xoşbəxtdir və bundan sonra Azərbaycan da onun vətənidir. Müğənni deyib ki, Məhərrəm ayından sonra dostları ilə həm Bakıda, həm da Türkiyədə evliliklərini qeyd edəcəklər.
Verilişinin yeni çəkilişləri üçün Özbəkistana gedəcəyini, qayıtdıqdan sonra Doğuşla birlikdə Tovuza səfər edəcəyini bildirən aparıcı deyib ki, həyat yoldaşı ilə yeni layihələr üzərində işləyirlər.
X.Hidayətqızının Özbəkistana getməsinə, "daha dünən evləndik, ərini qoyub gedirsən?" - deyən Doğuş isə işin çox vacib olduğunu bildirib: "İşimizə olan diqqətimizi hər kəs görsün. Dünyanın harasında olur-olsun, "Səni axtarıram"dan heç kim qaça bilməz".
Mediainfo.az