Qalibə 150 000 dollarlıq tac təqdim olunacaq

Qalibə 150 000 dollarlıq tac təqdim olunacaq

7 Avqust 2014 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bu günlərdə "Miss Globe International" Gözəllik Müsabiqəsinin təşkilatçıları "Baku Crystal Holl"un konfrans zalında media nümayəndələri ilə görüş keçirilib.

Mediainfo.az xəbər verir ki, əvvəlcə son döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra "Miss Globe International"ın direktoru S.Ağca, layihənin mühafizə xidmətinin rəhbəri L.S.Ağaoğlu, "Z Company 2007" şirkətinin rəhbəri Z.Əlioğlu, "Khazar İslands" şirkətinin mətbuat xidmətinin rəhbəri Q.Quliyev, "Femina" xəz-dəri qalereyasının icraçı direktoru T.Məmmədov, layihənin Azərbaycanda media ilə əlaqəli nümayəndəsi, jurnalist A.Nəsibov və "Miss Globe Azerbaijan" Banu Şücai qonaqları salamlayıblar.

"Avqustun 23-nə planlaşdırılan "Miss Globe İnternational 2014" Gözəllik Müsabiqəsinin final tarixi dəyişdirilib. Müsabiqənin finalı bu ilin avqust ayının 27-si "Baku Crystal Holl"da baş tutacaq. Bildiyiniz kimi avqustun 23-ü Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının erməni silahlı qüvvələri tərəfindən işğal olunduğu gündür. Ona görə biz həmin tarixi dəyişdirmək qərarına gəldik"- deyə, layihənin direktoru Savaş Ağca bildirib.

Onun sözlərinə görə, 120 ölkənin gözəli ölkəmizə 13 avqust tarixində təşrif buyuracaq.

Münsiflərin kimliyinə gəlincə isə o bildirib ki, müxtəlif ölkələrdən paytaxta gələcək müğənnilər - İnna, Lolita, Demet Akalın, Gökhan Özen, rəqqasə Asena, "Memati" obrazı ilə tanıdığımız aktyor Gürkan Uyğun, tanınmış dizayner və modelyerlər, eyni zamanda Azərbaycandan bir neçə məşhur sima jüri kürsüsündə əyləşəcək.

Qalibi seçmək üçün hər bir jüriyə İpad paylanılacaq və bununla onlar bəyəndiyi gözələ səs verə biləcəklər. Müsabiqənin direktorunun sözlərinə görə, səsvermədə tamaşaçıların da iştirak etməsi planlaşdırılır.

Qalibə İstanbul və ya Bodrumda mənzil və layihənin sponsorlarından müxtəlif hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, "Miss Globe International"a təqdim olunacaq tacın dəyəri 150 000 dollardır.

Müsabiqənin aparıcıları Türkiyədən Burcu Esmersoy ilə hələlik adı açıqlanmayan azərbaycanlı məşhur sima olacaqlar.

Yarışmanı işıqlandırmaq üçün Türkiyədən Kanal D magazin, Star magazin, Show Tv magazin, Tv8 Magazin proqramlarının çəkiliş qrupu da gələcək. Müsabiqəmizin şüarı "Dünya Azərbaycana gəlir" adı altındadır.

Qeyd edək ki, müsabiqə canlı yayımla üç dildə: Azərbaycan, Türk və İngilis dilində yayımlanacaq.

Təşkilatçı sonda onu da qeyd edib ki, "Miss Globe International" haqda ancaq onun mətbuata açıqlama vermə hüququ var. Mətbuatda müsabiqə haqda yazılacaq digər xəbərlər əsassızdır.

Şəlalə Nəriman