Brilliant Dadaşova dodaqlarındakı silikonları çıxartdırıb

Brilliant Dadaşova dodaqlarındakı silikonları çıxartdırıb

7 İyun 2011 14:40
Bəyəndim (0) Bəyənmədim (0)
O özünü kimə bənzədir?

Deyirəm, yerli şou-biznes əhlinin özünəməxsus xüsusiyyətləri var da. Nadir Qafarzadəsi bir ara Azərbaycandan imtina edirdi, Röyası özündən o qədər razıdır ki, hələ də özünü N1 hesab edir, Aygünü hər sevgilidən sonra daha sevməyəcəyini deyir, Elarizi Faytonçu Nazimlə barışmayacağını bildirirdi, Rəqsanəsi hər dəfə başına iş açdıqca bir daha yalanla işi olmayacağına söz verir, bəziləri isə qeyri-rəsmi nikahdan dünyaya uşaq gətirsələr də, milləti uydurmaları ilə inandırmağa çalışırlar və s. və i.a.

Xalq artisti Brilliant Dadaşovanın da qəribə xasiyyətləri var. Onu yaxından tanıyanlar kinli və inadkar olduğunu söyləyirlər. Əslində, yanılmırlar. Brilliant həqiqətən də inadkardır. Onun rəfiqələrindən ən yaxını olan Aygün Kazımova belə illərdir küsülü qaldığı Faiq Ağayevlə münasibətlərini düzəldib. Hətta Faiqin qanlı-bıçaq olduğu ATV kanalı belə küsülüyə son qoyub, qucağını, daha doğrusu, qapılarını F.Ağayevin üzünə açıb. Amma B.Dadaşova hələ də qızıl şlyagerlə barışmaq fikrində deyil. Deyilənə görə, onları bir araya gətirmək üçün həm ölkəmizin, həm də Rusiyanın mötəbər insanları belə məsələyə müdaxilə ediblər. F.Ağayev birtəhər də olsa razılığını bildirsə də, Brilliant qəti surətdə barışığa rədd cavabı verib. Bəli, bunun özü də B.Dadaşovanın kinli olmasına əyani sübutdur.

O ki qaldı inadkarlığına, ən primitiv misalı çəkmək kifayət edər: Brilliant Dadaşovanın keçmiş şəkilləri ilə indiki şəkillərini yanaşı tutsaq, aralarındakı böyük fərqi görməmək mümkün deyil. Qaşların formasından tutmuş, buruna, dodaqlara, ağız formasına, hətta yanaqlara kimi plastik əməliyyat açıq-aydın özünü büruzə verir. Amma nədəncə xalq artisti bu dəyişikliyi kökündən danır. Hətta müsahibələrinin birində, "mənim atamın fabrikindəki bütün məhsullar bu cürdür. Bacılarımın da dodaqları, yanaqları, burunları eynən mənimkinə oxşayır", - deyə fikirləri başqa səmtə yönəltmişdi. Sözümün canı budur ki, Brilliant Dadaşova çöhrəsində yerli-dibli plastik əməliyyat apartdırıb. Özü də Türkiyədə. Yeri gəlmişkən, bu günlərdə Bakıya qayıdan müğənni dodaqlarındakı silikonun bir hissəsini çıxartdırıb. Bu proses hal-hazırda Türkiyə şou-biznesində dəbə düşüb. Artıq sənətçilər qalın, tökülmüş, iyrənc görkəmli silikonlardansa, təbiiliyə daha çox üstünlük verirlər. Hətta sinədəki silikonlar belə ləğv etdirilməkdədir. İndi əsasən ayaqların formaya salınması daha çox dəbdədir. Çünki qısa ətək hələ uzun müddət moda olaraq qalacaq. Ona görə də ayaqlarında problemi olan qadınlar indi məhz, bu orqanın əməliyyatına müraciət etmək məcburiyyətində qalıblar.

Əslinə qalsa, Brilliantımızın öz dodaqları /keçmiş şəkillərdə olan dodaqlar nəzərdə tutulur/ həm cəlbedici idi, həm də elə də kobud görünmürdü. Ancaq neyləməli ki, Türkiyəyə ayaq açandan sonra onda da türkləşmə getdi. Azərbaycana dönəndə gah Seda Sayanlaşır, gah da Ajda Pekkanlaşır. Deyəsən, bu iki sənətçi B.Dadaşovanın kumirləridir. Yoxsa özünü hətta plastik əməliyyatlarla belə onlara bənzətməyə çalışmazdı /yeri gəlmişkən, S.Sayan da dodaqlarındakı silikonların bir qismini çıxartdırıb/.

Gözəllik ondur, doqquzu silikondur.

Könül Aypara

O.M.