SORĞU: "Muğənnilərə mətbuat katibi lazımdırmı?!"

SORĞU: "Muğənnilərə mətbuat katibi lazımdırmı?!"

19 Fevral 2014 20:33
Bəyəndim (0) Bəyənmədim (0)
Jurnalistlərin fikirləri...

Bu şou-biznes elə bir şeydir ki, haqqında yazsan da olmur, yazmasan da. Adətən mədəniyyət müxbirləri nədən yazmağa başlasalar da, əvvəl-axır gəlib şou-biznesdə dayanırlar. Yazarkən də vacibdir ki, müğənninin özü ilə əlaqə saxlayıb bir məlumat alasan. Vay o günə ki, səhnədə qalmaqalları ilə yaddaşlarda qalan bir müğənniyə zəng edib açıqlama istəyəsən. Həmin dəqiqə "Vaxtım yoxdur, mətbuat katibimlə əlaqə saxlayın" deyərək özlərini qaldırıb qoyurlar dağ başına. Bu günkü mövzum mətbuat katibləri ilə işləyən şou əhlidir. Şou əhli özü ilə bağlı məlumatları və yenilikləri mətbuata katibləri vasitəsi ilə ötürürlər. Bəs yerdə qalan suallar necə olsun? O sualların cavabını kim verəcək?

Bu gün səhnəyə ilk qədəmlərini atan bir çox müğənninin sponsor tapandan sonra ikinci işi mətbuat katibini müəyyənləşdirməkdir. Niyə? Çünki müğənninin məşhurlaşması, sevilməsi, qəzet səhifələrindən, televiziya ekranlarından, saytlardan düşməməsi üçün ən yaxşı yol məhz budur. Şou-biznesdəki mənbələrlə və bu mövzudan yazan jurnalistlərlə yaxşı əlaqələri olan mətbuat katibləri işlədikləri sənətçi barədə xoşagəlməz məlumatların yayılmasına imkan vermirlər. Daha doğrusu, eyni zamanda qəzet, sayt və ya televiziyada da çalışan mətbuat katibləri bir-birinin "obyekt"inə zidd məlumatları yaymamaqla həmkar münasibətlərini, həmçinin "obyekt"in müsbət imicini qoruyub saxlamağa çalışırlar.

Əvvəllər şou-biznes nümayəndələri arasında mətbuat katibləri olan müğənnilərimiz bir o qədər çox deyildisə, indi vəziyyət tam əksinədir. Yəni özü səhnədə boy atmamış, mətbuat katibi axtarmağa başlayan müğənniciklər ən asan yolu bunda görürlər. Həmin müğənninin getdiyi toy-düyündən tutmuş, yeyib-içməyinə qədər isə mətbuat katibi onun gündəlik həyatını reklam edir. Düzdür, hazırda dünya şou aləmində də ulduzlar mətbuat katibləri, köməkçilərlə işləyirlər. Bizim şou-biznes də "yüksək səviyyədə" inkişaf etdiyi üçün buna ehtiyac duyulur. Amma mətbuat katibinə pul verməyə əli gəlməyən bəzi müğənnilər isə iki əllə sosial şəbəkədən yapışırlar. Həmin müğənnilər xəbərlərini öz səhifələrində paylaşmaqla kifayətlənirlər. Bilirlər ki, sanki "pusquda dayanmış" şou müxbirləri o saat statusdan xəbər hazırlayacaqlar. Təsadüfi deyil ki, müğənnilərdən biri ötən ay açıqlamasında "Səhifəmdə nə paylaşıramsa, bir neçə dəqiqədən sonra saytlarda olur" - deyərək qürrələnmişdi. O zaman müğənninin mətbuat katibi saxlamağa nə ehtiyacı var?
Mövzu ilə bağlı şou yazarları və şou əhlinə sual etdik. Aldığımız cavablar isə müxtəlif oldu.

Bu, jurnalistika deyil, gözükölgəlilikdir

"Oxu məni" qəzeti və Mediainfo.az saytının şöbə müdiri Könül Aypara 15 ildən artıqdır ki, bu sahədə çalışdığını və kifayət qədər təcrübə toplasa da, heç bir müğənni ilə işləmədiyini dedi:

"Bu mövzu təkcə şou-biznesdə deyil, hər peşədə aktual olub. Əslində bu mənzərə bizdə 15 il bundan qabaq da olub. Sadə dillə belə izah edək ki, bir müəllim digərindən xahiş edir ki, filankəsə qiymət yazsın, çünki hansısa tanışının uşağıdır. Belə işlər hər zaman qarşılıqlı olub. Necə deyərlər, "əl əli yuyar, əl də üzü". Vəziyyət jurnalistikada bir az fərqli olsa da, bir növ həmin xahişlərə bənzəyir. Müğənnilərin mətbuat katibi ilə əməkdaşlıq etməsi əvvəllər də var idi. Şou əhli ilə yaxınlıq edən jurnalist həmin müğənniyə mətbuat aləmində bir növ "daydayı"lıq edirdi. Amma indi mətbuat katibləri müğənnilərlə əməlli-başlı "işləyirlər", hətta haqsız olsalar da belə, onların müdafiəsinə qalxırlar. Bəziləri də həmkarlarına xahiş-minnət edərək işlədiyi müğənni haqqında geniş məlumat dərc etdirirlər. Sonra da müğənniyə deyirlər ki, filankəsə filan qədər verməliyik, filan qəzetin müxbirinə isə filan qədər. Yəni səmimi münasibət olmur, olmayıb, olmayacaq da. Əslində bu, jurnalistika deyil, gözükölgəlilikdir. Yaltaqlıqla qazanılan pul deməkdir. Bu mənim fikrimdir".

Könül Aypara mətbuat katiblərinin mətbuat nümayəndələrinə eyni məlumatı göndərməsinin nəticəsində saytlarda bənzər xəbərlərin çoxaldığını, belə olan halda, şou müxbirlərində tənbəlləşmə yarandığını qeyd etdi:

"Oxucu hər saytda eyni xəbəri oxuyur və xəbəri həzm etmir. Artıq oxucunu aldatmaq da olmur. "Daydayılı" xəbəri başqa xəbərdən ayırd edə bilirlər. Həmin xəbərləri yazan jurnalistlər həm özünə, həm də qələminə hörmət etməlidirlər. Özləri bir tərəfə, dördüncü hakimiyyət olan jurnalistikanı gözdən salmamalıdırlar. Elə işlədiyi müğənninin yanında da özünü gözükölgəli etməməlidir. Yeri gəlmişkən, illər öncə müxtəlif müğənnilərin mətbuat katibi işləyən Cavanşir Babəlioğlu adlı şou yazarın özü indi müğənnidir. Mənə maraqlıdır, görəsən indi onun özünün mətbuat katibi varmı? Çox güman ki, yox, artıq özü bu işlə məşğul olub deyə, ehtiyac duymaz".

Xəbərlərini istədikləri kimi yazdırırlar

"Üç nöqtə" qəzetinin müxbiri Aygün Əhmədova müğənnilərlə işləməyin həm asan, həm də çətin tərəflərini açıqladı: "Sənətinə, özünə və qarşısındakı mətbuat nümayəndəsinə hörmət etməyi bacaran müğənni ilə işləmək həqiqətən insana zövq verir. Bəzi müğənnilərdə sevmədiyim bir xüsusiyyət də var. Bu xüsusiyyət bəlkə də bütün jurnalistlərimiz tərəfindən özünə hörmətsizlik kimi qəbul edilir. Zəngimizə cavab verən müğənnilər mövzunu öyrəndikdən sonra "bir saat sonra zəng vur" deyirlər. Sonra nə qədər zəng vursaq da, cavab vermirlər. Mən dəfələrlə həmin müğənniləri sınamaq üçün eyni zamanda başqa nömrədən də yığmışam. Həmin vaxt telefona cavab veriblər. Artıq şou-biznes nümayəndələri ilə xeyli vaxtdır işlədiyim üçün elə müğənnilərin kim olduğunu çox gözəl bilirəm. Amma elə sənət adamları var ki, hətta ən sıx iş rejimində belə qısa da olsa, vaxt tapıb suallarımızı cavablandırıblar, ya da ki, həmin mövzu ilə bağlı nə isə danışmaq istəmədiklərini deyiblər. Təbii ki, sənətilə yanaşı, müğənninin insaniyyəti də önəmlidir. Getdikcə hörmət qazanan, ya da hörmətini itirən müğənnilərimiz var. Şou-biznes müxbirləri xəbərləri müğənninin məşhurluğuna və informasiyanın nə dərəcədə aktual olmasına görə seçib verirlər. Müğənnilər isə mətbuat katibləri vasitəsilə xəbərlərini mətbuata göndərməyə daha çox maraqlıdırlar. Çünki o zaman xəbərlər onların istədikləri kimi yazılır".

"Qafqazinfo" saytının şou yazarı Könül İbrahimova sənət adamlarının işinin televiziya nümayəndələri və şou yazarlarından, onların da işlərinin müğənnilərdən keçdiyini dedi: "Sənətçiləri xalqa biz təqdim edir, mənfi və müsbət cəhətdən tanıdırıq. Eləcə də onlar sayəsində bizim xəbərimiz olur. Ona görə yola getməyə məcburuq və ya ortaq dil tapıb, bir-birimizi anlamalıyıq. Bəzi sənətçilər birbaşa mətbuat nümayəndələri ilə ünsiyyət qursa da, bəziləri ilə prodüserləri və ya mətbuat katibləri vasitəsilə əlaqə saxlayırıq. Mənə görə sənətçi ilə birbaşa əlaqə saxlamaq daha məqsədəuyğundur. Çünki əksər vaxtlar istədiyim məlumatı prodüser və ya mətbuat katibindən istədiyim formada ala bilmirəm. Bəzən isə həmkar olduğumuz üçün mətbuat katibindən daha tez əldə edirəm. Sayt sistemində cəldlik mühüm rol oynayır. Hər cür vəziyyətlə qarşılaşırıq. Əsas doğru və qərəzsiz məlumat ötürməkdir".

Mətbuat katibi müğənninin qulağının dincliyi üçündür

Tanınmış müğənni Əlikram Bayramov bizimlə söhbətində mətbuat xidmətinin mənfi və müsbət tərəflərindən danışdı: "Zənnimcə, mətbuat katibi jurnalistlərdən nəyisə gizlətmək üçün ən yaxşı vasitədir. Bunun həm müsbət, həm də mənfi tərəfləri var. Mətbuat xidməti ilə işləyən müğənnilər haqqında jurnalistlər tam informasiya alıb, onun haqqında araşdırma apara bilmirlər. Mənim düşüncəmə görə, jurnalistlər mətbuat xidməti tərəfindən susdurulur. Mənimlə əlaqə saxlayan jurnalistlərə "Vaxtım yoxdur, mətbuat katibimlə əlaqə saxlayın" deyə bilmərəm. Azərbaycanda min jurnalistin hamısı bütün günü müğənniyə zəng vurmur ki. Həftədə 2-3 jurnalist əlaqə saxlayır ki, onların da suallarını cavablandırmaq heç də çətin deyil. Çox zaman savadsız müğənnilər mətbuatla danışmaqdan qorxurlar. Ona görə də söz ustaları olan mətbuat katiblərini qabağa verirlər. Müğənnilər hara gedirlər, nə yeyib, nə içirlər - hamısını mətbuat nümayəndəsinə yazdırırlar. Mətbuat katibi müğənninin qulağının dincliyi üçündür. Yəqin ki, onların pulu çoxdur ki, mətbuat xidmətinə pul ayırırlar. Mətbuat katibi jurnalist olur, başqa jurnalistlər də öz həmkarları olduğu üçün onun xəbərlərini verirlər. Bizdə böyük bir şou-biznes yaranmayıb ki, müğənnilərin də mətbuat katibləri olsun. Müğənnilərin əksəriyyəti "vaxtım yoxdur" deyərək siz jurnalistləri başından edib, yalan danışırlar. Necə yəni onların gün ərzində 15 dəqiqə vaxtları yoxdur ki, mətbuat nümayəndələrinə açıqlama versinlər? Mənim mətbuat katibinə ehtiyacım yoxdur. Özümlə bağlı sualları mətbuat katibim deyil, mən daha yaxşı cavablandıra bilərəm. Biri var, kimsə mənim haqqımda danışır, bir də var, mən özüm öz haqqımda danışıram. Bəzən elə olur ki, müğənninin istəmədiyi məlumatı mətbuat katibi jurnalistlərə çatdırır. Daha sonra bu, qalmaqala çevrilir. Mənə qalmaqla lazım deyil".

Əlikram Bayramov toylara, ad günlərinə gedəndə müğənnilərin komanda şəklində gəldiklərinin şahidi olduğunu və bunu heç cür anlaya bilmədiyini söylədi: "Çox zaman görürəm ki, müğənnilər el şənliklərinə, sayılıb-seçilən ifaçıların ad günlərinə gedəndə, prodüseri, mətbuat katibi, meneceri və s. özü ilə gətirir. Amma ad günü edən şəxs təkcə müğənnini çağırır, onun komandasını deyil".

Xəyalə Rəis