Azərbaycanlı "Muhteşem Yüzyıl"ı  məhkəməyə verdi!

Azərbaycanlı "Muhteşem Yüzyıl"ı məhkəməyə verdi!

16 Dekabr 2013 09:51
Bəyəndim (0) Bəyənmədim (0)
"Səfəvilər fars yox, türk dövləti olub!"

Azərbaycanlı şikayət etdi: "Xalqımın tarix və keçmişinin inkar və təhqir edildiyini iddia edirəm"

"Möhtəşəm Yüzyıl" serialında Səfəvilər dövlətinin fars dövləti kimi göstərilməsi ilə əlaqədar istintaq başlayıb. Türkiyə mətbuatı xəbər verir ki, Hacettepe Universitetində diş həkimi olan Azərbaycan türkü Mahboub Əmrahi sözügedən serialın 115-ci bölümündə Səfəvilər fars dövləti kimi göstərildiyinə görə, Ankara Baş prokurorluğuna şikayət edib. O, bildirib ki, Səfəvilər şiə və türk dövlətidir. Onun fikrincə, Səfəvilər dövlətinin fars olduğunu söyləmək təhqirdir. Əmrahi serialı sifariş edən şirkət haqqında iddia açılmasını istəyib.

Əmrahi ərizəsində belə yazıb: "Serialın dekabrın 11-də yayımlanan 115-ci hissəsində Səfəvilər dövlətinin açıq şəkildə fars dövləti olduğu iddia edilərək xalqımın tarix və keçmişinin inkar və təhqir edildiyini iddia edirəm. Türk mənşəli İran azərbaycanlısı olaraq adıçəkilən firmadan şikayətçiyəm".

Prokurorluq artıq istintaqa başlayıb. Serialın istehsalçı firması İstanbulda olduğu üçün istintaq materiallarının oraya göndərilib-göndərilməyəcəyi yaxın günlərdə məlum olacaq.

Əmrahi isə Facebook sosial şəbəkəsində bu barədə xəbər paylaşaraq "Dostlar, qəzamız mübarək olsun", - yazıb. M.Əmrahi qeyd edib ki, açdığı dava yaxın zamanlarda Türkiyə mediasında əks-səda doğuracaq.