Meyxanaçı Samirə əməliyyata məruz qalıb
"Neynirəm mən dəlini, o divanə mən özüməm,
Yanıram şam oduna, o pərvanə mən özüməm"
Meyxana sənətinin kraliçası, "mamlı-matan" Samirə Yusifqızı əməliyyata məruz qalıb. O, sinə əməliyyatı - kiçiltmə əməliyyatı keçirib. Artıq təhlükə sovuşsa da, o, müəyyən müddət ev şəraitində müayinə olunacaq. Buna baxmayaraq, meyxanaçı özünü çox yaxşı hiss edir. Tezliklə Samirə xanım yenidən pərəstişkarlarının görüşünə gələcək. Yenilikləri və tərəf müqabilləri ilə "ANS" telekanalında yayımlanan "De, gəlsin" meyxana şousunun qonağı olacaq.
Samirə Yusifqızına artıq xarici ölkələrdə, əsasən Avropada da ehtiyac duyulur. Belə ki, o, dekabr ayının 7-də Niderland Krallığında möhtəşəm bir konsertdə çıxış etmək üçün dəvət alıb. Bundan başqa, xarici görünüşündə xeyli dəyişiklik edən, yeni imicli Yusifqızı dekabr ayının sonunda Amerikaya yollanacaq. Nyu-Yorkda konsert proqramı ilə çıxış edəcək. Hətta xanım meyxanaçımız okeanın o tayında toy şənliyində də iştirak edəcək. Necə deyərlər, kraliçalara yalnız Krallıq yaraşır!
Onu da əlavə edək ki, bu konsertin təşkilati dəstəyi Sultan Mustafayevə məxsusdur.
Hazırladı: Könül Aypara
































































































