Pərviz Abdullayev əslində iş başındadır

Pərviz Abdullayev əslində iş başındadır

25 Sentyabr 2013 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

"AzəriStar" yarışmasının iştirakçılarından biri olmuş Pərviz Abdullayev əsasən səsindəki fərqliliyi ilə yadda qaldı. Belə ki, münsiflər heyətinin üzvləri də, elə tamaşaçılar da Pərvizin səsini mərhum Şövkət Ələkbərovaya oxşadırdılar. Amma indi bu ecaskar səsin sahibi nədənsə onunla bərabər səhnəyə atılan müğənnilərdən geri qalıb. P.Abdullayev bu problemin səbəbini Oxumeni.az-a belə açıqladı:

"Bu yaxınlarda dinləyicilərə yeni "Sevirəm" adlı mahnım təqdim olundu. ATV-də "Alma almaya bənzər" verilişində" çox məşhur xarici müğənni obrazında çəkilmişəm, mahnısını ifa etmişəm. Oktyabr ayında efirə gedəcək. Bu günlərdə yeni ritmik bir mahnı da təqdim edəcəyəm. Şəxsi həyatımda sakitçilikdir".

Əslində, o, çox istedadlıdır, məftunedici səsə malikdir. Dediyinə nəzər salsaq, heç də yerində addımlamır, əslində iş başındadır. Bəs niyə gözə görünmür bu zəhməti? Nə üçün Eltonu, Arzumu, Ayazı və s. tanıyan var, amma Pərvizi xatırlayan çox azdır. Nəyə görə o da bəziləri kimi sənətdə at oynada bilmir? Nə üçün klipləri tez-tez yayımlanmır, maqazin verilişlərində görünmür? Bir sözlə, "raskrutka" oluna bilmir? Axı istedadı, səsi, təlim-tərbiyəsi yetərincədir.

Yəqin şou-biznesin özünəməxsus qaydalarına riayət edə bilmir Pərviz. Çirkinlikdən, yaltaqlıqdan uzaqdır. Palçığa bulaşmağı özünə sığışdırmır. Qalmaqallar, yersiz zarafatlar, ədəbsizlik isə ruhuna uyğun gəlmir. Yəni bəziləri kimi sırtıqlığı, mənəviyyatsızlığı bacarmır... Bəziləri kimi...

Könül Aypara