
Ajda Pekkan Şəhidlər Xiyabanında
Türkiyənin məşhur sənətçisi Ajda Pekkan millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.
Oxumeni.az xəbər verir ki, Türkiyənin məşhur sənətçisi Ajda Pekkan Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsi qurbanlarının və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini ehtiramla yad edib və məzarlarının üzərinə çiçəklər düzübdür. Millət vəkili Qənirə Paşayeva 20 yanvar faciəsi, Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi zamanı 20 mindən çox insanın şəhid olması, Xocalı Soyyqırımı, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki öz yürd-yuvasına dönə bilməməsi haqqında ətraflı məlumat verib.
Türkiyənin məşhur sənətçisi Ajda Pekkan 1918-ci ildə Bakını bolşevik-daşnak qüvvələrinin işğalından azad etmiş türk şəhidlərinin uyuduğu Türk şəhidliyini də ziyarət edib və onların ruhuna dua oxuyubdur. Millət vəkili Qənirə Paşayeva Türk Şəhidliyi, 1918-ci ildə bolşevik-daşnak qüvvələrinin törətdiyi qırğınlar, Qafqaz İslam ordusunun Azərbaycana gəlməsi və Bakının işğaldan azad edilməsi barədə ətraflı məlumat verib və bildirib ki, bu şəhidlik Azərbaycan və Türkiyə qardaşlığının ən gözəl örnəyidir. Azərbaycanın ən ağır zamanlarında Qafqaz İslam Ordusunun tərkibində buraya gələrək canlarını qurban vermiş və şəhid olmuş bu dəyərli şəhidlərimiz və Çanaqqala savaşlarında şəhid olmuş Azərbaycan türkləri bugünki və gələcək nəsillərə böyük bir örnəkdir. Azərbaycanın milli lideri Heydər Əliyev Azərbaycan və Türkiyə "bir millət iki dövlətdir" deyirdi və hər iki ölkənin gəncliyinin bu ruhda böyüməsi hər iki dövlətimizin gələcəyi, daha güclü birliyimiz və daha da güclənməyimiz üçün çox önəmlidir.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkiyənin məşhur sənətçisi Ajda Pekkana şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumatlar da verilib. Azərbaycana 9 il bundan əvvəl səfər etdiyini xatırladan Ajda Pekkan Bakının çox dəyişdiyini, hədsiz gözəlləşdiyini və Bakıya heyran qaldığını bir daha söylədi.
O.M.