
Müğənnilərimiz qələbə gününü yaddan çıxarıblar
Bu gün faşizm üzərində Qələbə günüdür! Amma deyəsən, bəzi müğənnilərimiz bunu unudublar. Onlar bu günü "Kompliment günü" kimi qeyd edirlər nədənsə...
9 May səhər saatlarında "Gün keçdi" verilişinin qonaqlarından biri Nadir Qafarzadə idi. Haqqında gəzən şayiələrlə bağlı açıqlama verən Nadir /nədənsə bu günün verilişi məhz "Şayiələr"lə bağlı idi/ gözünü bir an belə olsun aparıcı Günaydan çəkmirdi. Sonda o, özünü saxlaya bilməyərək, keçirdiyi hissləri dilə gətirdi. "Mən gözümü sizdən ayıra bilmirəm. Qırmızı rəng sizə o qədər gözəl yaraşır ki! Bu gün çox gözəlsiniz!" - deyən müğənni aparıcı barəsində fikirlərini bu cür dilə gətirdi. Həmin verilişin digər qonağı meyxanaçı Namiq Qaraçuxurlu oldu. O da bəzi şayiələrə aydınlıq gətirdikdən sonra efirə birbaşa Aygün Kazımova qoşuldu. Xalq artisti 9 May günü Namiqə komplimentlərini yağdırmağı müharibə veteranlarını təbrik etməkdən üstün bildi.
Çox keçməmiş əməkdar artist Baloğlan Əşrəfov digər telekanalın verilişinin - "Nuş olsun"un qonağı oldu. Bəstəkarlığından ağızdolusu danışan zaman qəflətən üzünü aparıcı xanıma tutan müğənni, "sizin Sibel Canla qohumluğunuz yoxdur ki?" - deyərək gülümsündü. Aparıcı isə çox mahircəsinə cavabdan yayındı: "Sibel Can Türkiyənin tanınmış müğənnisidir."
Belə getsə, gün boyu verilişlərdə iştirak edən sənətçilərimizin hələ çox komplimentləri ilə rastlaşacağıq. Xatırladım ki, bu gün 1939-45-ci il II Dünya Müharibəsi zamanı dünyanın faşizm üzərindəki qələbəsini qeyd edirik. Nədənsə verilişlərdə bu mövzuya çox az toxunulur...
Unudulanlar unudanları əsla unutmazlar...
Könül Aypara
O.M.