SORĞU: Böyük sənətkarlar kiçik yaşlarında
Deyirlər: "həqiqəti uşaqdan soruşsan, düzünü danışar". Biz həqiqəti uşaqdan soruşmadıq. Əksinə, böyüklərdən, özü də böyük sənətkarlardan uşaqlıq xatirələri ilə maraqlandıq. Həqiqəti deyib deməyəcəkləri isə onların öz yaddaşına və ya istəyinə bağlıdır.
Səkinə İsmayılova:
- Sakit, ciddi uşaq olmuşam. Öz daxili dünyam olub. "Sovetski" məhəlləsində dünyaya göz açmışam. Bizim məhəllədə ədəb-ərkan, qayda-qanun çox yüksək olub. Uşaqlıq illərindən yadımda qalan bir hadisə var, onu deyəcəm. Bizim həyətimizdə bir tut ağacı var idi, indi də o ağac durur. Həmişə çıxıb o tut ağacının başında oturub mahnılar ifa edirdim. Uşaqlar da yığılırdı ağacın altına. Dünya vecimə olmurdu, ürəkdən oxuyurdum. Amma aşağı düşəndə nə qədər deyirdilər, oxu, utandığımdan oxumurdum. Evdə valideynlərim elə bildi uşaqlıq həvəsimdi, keçib gedər, amma bu sənəti seçdim.
Bəsti Sevdiyeva:
- Çox dəcəl olmuşam. Hamı idman dərsində voleybol oynayırdı, mən isə futbol oynayırdım. Həmişə məktəbin şüşələrini qırırdım, hər dəfə də valideynlərimi çağırırdılar.
Alim Qasımov:
- Nadinc olmuşam. Ailədə iki qardaş idik. Kənddəki uşaqlarla "daş-daş" oynayırdıq. Çox sevirdim tum çırtdamağı. Həmişə də həyətdə qonşuların uşaqları yığılırdı, onlara konsert verirdim. Ailəm çox dəstək oldu bu sənətdə mənə. Böyüyəndə gördüm ki, bir işin qulpundan tuta bilmirəm, heç bir şey əlimdən gəlmir, bu sənəti seçdim. Yalnız öz-özümə oxuyurdum. Allah vermişdi ki bu sənəti, çörəkpulu qazanım.
Məhəbbət Kazımov:
- Anamın dediyinə görə, çox çirkin olmuşam. Evimizə qonaq gələndə anam məni onlara göstərmirdi. Dəcəlliyim çox olub uşaqlıq dövründə. Hələ də darıxıram o günlər üçün.
Zaur Rzayev:
- Uşaqlıq illərində arzular çox olur. Hamıya, həmçinin özümə cansağlığı arzulayıram. Həmişə demişəm ki, Allah ağılsıza ağıl, itaət versin. Uşaqlıq illərindən arzum bu olub. Heç vaxt da pis əməllərim olmayıb.
Ruhəngiz Allahverdiyeva:
- Heç vaxt yadımdan çıxmaz, məktəbə gedəndə anam mənə pul verirdi, yığırdım. Bir gün yığdığım 73 manata qarmon aldım. Gözəl əl işlərim var idi, geyimlərə də modelyerlik edirdim.
Zeynəb Dostəliyeva:
- Uşaqlıq illərindən sadəliyə üstünlük vermişəm. İdmanla çox məşğul olurdum. Nadinc idim. Həyatdan çox şeyi öyrəndim. Uşaqlıq illərindən müqayisə edə-edə gəlirəm. Acılı-şirinli xatirələrim çox olub.
Bilal Əliyev:
- Uşaqlıqda çox dələduz olmuşam. Kövrək qəlbli, təmiz insanam. Özbaşına olsaydım, çoxdan məhv olardım, dinlə məşğul olmuşam. Heç vaxt paxıllıq etməmişəm, yalandan uzaq olmuşam. 8 yaşından püxtələşmişəm, 23 yaşında insanın düşüncələri məndə var idi.
Saatı və ya təqvimi dəyişmək mümkün olsa da, zamanı dəyişmək mümkün deyil. Odur ki, biz də indiki zamandan keçmişə boylanmalı olduq. Gəlin hər günümüzü elə yaşayaq ki, gözümüz arxada qalmasın.
Şəlalə Nəriman
O.M.






























































































