Almaz Ələsgərova universitetə gedir
Konsert Şimali Kiprin Doğu Akdeniz Universitetində təşkil edilmiş Novruz bayramı çərçivəsində baş tutacaq. Şimali Kiprin Doğu Akdeniz Universitetində Novruz gecəsi təşkil olunacaq. Doğu Akdeniz Universitetində təhsil alan azərbaycanlı tələbə Cəfər Mənsiminin verdiyi məlumata görə, konsert 22 martda baş tutacaq. Təşkil olunan gecədə ölkəmizin tanınmış müğənnisi Almaz Ələsgərova Novruz ab-havasını canlandırmaq məqsədilə solo-konsert proqramı ilə çıxış edəcək. Bundan başqa gerçəkləşən gecədə Doğu Akdeniz Universitetinin rektoru, professor Abdullah Öztopraq, həmin universitetin Azərbaycan Tələbə Cəmiyyətinin prezidenti Elçin Süleymanov və "Kreativ Gənclər" Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyinin sədri Fərhad Allahverdizadə çıxış edərək, Novruz bayramı ilə bağlı öz təəssüratlarını bölüşəcəklər. Tədbirdə bayram əhval-ruhiyyəsini daha da artırmaq məqsədi ilə Novruz adət-ənənələrinə həsr olunan video çarx və tələbələrin ifasında Azərbaycan milli rəqsləri nümayiş etdiriləcək. Qeyd edək ki, Novruz gecəsi Şimali Kiprin Doğu Akdeniz Universitetitin Azərbaycan Tələbə Cəmiyyətinin, "Kreativ Gənclər" Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyinin və adıçəkilən universitetin təşkilatçılığı ilə reallaşacaq.
O.M.






























































































