“Keçmişimdə məni bu günüm üçün utandıran səhvlərim yoxdur”
“Bizi başqa bir ruhda böyüdüblər. Valideynlərimiz bizə həm təhsil verirdilər, həm də işlədirdilər. Zəhmətkeş olmuşuq. Ona görə də bu gün müğənni olmasaydım, acından ölməyəcəkdim. Əlimdən gəlməyən sənət yoxdur. Yaxşı fermer olaram, toyuq-cücə saxlayaram, əkin işləri ilə məşğul olaram. Hər işi bacarıram”
Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elnarə Abdullayeva deyib.
“Keçmişə baxmağı çox xoşlayıram. Hər ötən günə, geriyə baxanda xoşbəxt oluram. Şükür ki, mən bu yolu keçmişəm. Qarşıda bilmirəm ki, məni nə gözləyəcək?! Yaxşı ki, keçmişimdə məni bu gün üçün utandıran səhvlərim olmayıb. Hansısa səhvi buraxmamışam ki, deyim ki, “böyüyəndə düzəldərəm”. Mənə elə gəlir ki, doğulandan deyəsən elə yaşlı doğulmuşam, cavan olmamışam”,- deyə xanəndə bildirib.
Əməkdar artist anasına verdiyi sözü də xatırlayıb.
“Nə qədər görüləcək, çətin işlər varsa, onların həmişə başında mən oluram. Anam dünyasını dəyişməzdən öncə danışanda deyirdim ki, “bacı, sənin gözün yolda arxada qalmasın, çalışacam ki, hər şey sən istədiyindən də yaxşı olsun”. Anama “bacı” deyirdim. Çalışıram ki, bacıma, qardaşıma, öz mahalıma layiqli bir övlad olum. Onların istəklərini az da olsa yerinə yetirim” deyə xanəndə bildirib.
Əməkdar artist bildirib ki, bəzənib-düzənməklə arası yoxdur.
“Bəzənib-düzənmək məni çox yorur. Kişiyə nə var ki, kostyumunu geyinir, gedir. Xanımların bəzənib-düzənməkdən xoşları gəlir. Mən xoşlamıram, qınayan olmasa makiyajsız gəzərəm. Bir sözlə bəzənmək mənlik deyil. Bəzənirsən, özün yorulursan, bəzənmirsən də deyirlər ki, “tamaşaçıya hörmətsizlik edirsən”. Mən tamaşaçını döymürəm, söymürəm. Bu mənim özümə aid olan bir xüsusiyyətdir” deyə əməkdar artist bildirib.
Xanəndə pedaqoji fəaliyyətlə məşğul olmamasını belə izah edib.
“1 il musiqi məktəbində müəllimlik etmişəm. Buna boş vaxt, səbr lazımdır. Sən uşaqlarla əməlli-başlı məşğul olmalısan. Müəllimliyi də hər adam bacarmır. Müəllim işləməmişəm, amma bir çoxları mənim kimi oxuyur. Mən özüm xalq artisti, mərhum sənətkar Ağaxan Abdullayevin tələbəsi olmuşam. Amma bütün sənətkarlardan nələrsə öyrənmişəm” deyə xanəndə bildirib.

































































































