Məhkəməyə verilən Müşfiq Şahverdiyev: "Aldıqları avtomobil, ev, bahalı saatlar..."

Məhkəməyə verilən Müşfiq Şahverdiyev: "Aldıqları avtomobil, ev, bahalı saatlar..."

12 Yanvar 2023 18:17
Bəyəndim (1) Bəyənmədim (0)

Aktyor Müşfiq Şahverdiyev onu məhkəməyə verən “Cinemzadeh” şirkətinin rəhbəri Cəfər Axundzadə ilə qarşılaşdığı problemin səbəbini açıqlayıb.

Oxuməni.az xəbər verir ki, bunu Müşfiq Şahverdiyev Teleqraf.com-a açıqlamasında deyib:

“Bu məsələ barədə jurnalistlərdən xəbər tutdum. Hazırda Qubada çəkilişdəyəm. Onlar qabaqdangəlmişlik etdilər, onları mən məhkəməyə vermək istəyirdim. Məni məhkəməyə verən insanları və şirkəti ciddi qəbul etmirəm, onlar qeyri-ciddi insanlardır".

Aktyor həmin şirkətdə böyük pul yeyintiləri olduğunu iddia edib: "Kinoteatr rəhbərləri şirkətin rəhbəri Cəfər Axundzadəyə böyük inam göstərmişdilər, maliyyə ayırmışdılar. Onlar da filmlər çəkirdilər. Bütün aktyorlarla müqavilə bağlanmışdı, həmçinin mənimlə. 2019-cu ildə üç filmə görə mənimlə müqavilə bağlayıb avansını ödəyiblər. Deyiblər ki, filmin çəkilişləri yayda başlayacaq. Sonra bildirdilər ki, film qışda çəkiləcək. Beləliklə, bu adamlar üç il dalbadal vaxtı uzadıblar, indi də məndən avansı geri istəyirlər.

Avans 25 min manatdır, üç film üçün ödənilib. Təsəvvür edin ki, adamlar üç il səni avara edirlər, sonra gəlirlər ki, pulumuzu geri ver. Adını da qoyurlar ki, çəkilişlərə getməmişəm. Bu necə ola bilər ki, filmlərin heç ssenarisi yoxdur, danışıq da aparılmayıb. O filmlərlə bağlı nə mesaj yazıblar, nə də zəng ediblər. Çox absurd bir məsələdən söhbət gedir".

Müşfiq Şahverdiyevin sözlərinə görə, məsələnin məğzi başqadır: "Avans veriblər, sonra şirkəti talayıblar. Özləri üçün avtomobil, ev, bahalı saatlar alıblar. Şəxsən gözümün qabağımda olub, bizi Cəfər Axundzadə “Kəklikotu” filminin qala-gecəsi üçün İsveçrəyə aparmışdı. Orada yedikləri pullarla aldıqları əşyaların şahidi olmuşuq. Sadəcə bu insanlar indi asılı vəziyyətdədirlər. Fikirləşirlər ki, kimi çağıraq, kimdən təzminat alaq... Onlar işlədiyi dövrdə hansı adamların pullarını kəsməyiblər? Hansı adamlarla onların böyük problemləri olmayıb?..

Təsəvvür edin, aktyor Məcid Hüseynovu məhkəməyə veriblər və uduzdublar. Çünki onların əlində dəlil yoxdur. Mənim əlimdə müqavilələrim var, üç il əvvəlki. Onarın əlində sübut yoxdur ki, Müşfiq Şahverdiyevə pul verib, çəkilişə dəvət ediblər, amma gəlməyib. Niyə üç ildən sonra ayılıblar!?

Cəfər Axunzdadə həm rejissor, həm də şirkətin rəhbəri idi. Bu adam özü aktyoru gecə saat 10-a qədər gözlədib, saat 11-dən səhərə qədər çəkiliş edirdi. O adamın psixoloji durumu yerində deyil. Başları qaçıb və məni məhkəməyə veriblər. Mən də məhkəmədə deyəcəm ki, film çəkildi, mən gəlmədim?! Onun yaradıcı komandası, ssenarisi hardadır? Film nə vaxt çəkilib ki, gəlməmişəm. Bunu sübut etsinlər".

Aktyor şirkəti məhkəməyə verəcəyini də açıqlayıb: “Mən də həmin şirkəti məhkəməyə verəcəm. Onlara görə itirdiyim pulları tələb edəcəm. Müqavilədə şərtləri var ki, bizimlə işlədiyi müddətdə heç bir kanala gedə bilməz, heç bir filmdə, layihədə yer ala bilməz.

Serialı axıra qədər çəkə bilməyiblər. Mən də onlara görə heç bir layihədə olmamışam. mən də itirdiklərimi onlardan tələb edəcəm”.