“Bu gün təsadüfi sənətə gələnlər var ki, onlarda heç məsuliyyət hissi yoxdur..."
“Şükürlər olsun ki, qələbə əhval-ruhiyyəmiz hələ də bitməyib. Bu sevinc bizə bir ömür boyu bəs edər. Hər il gələndə arzulayırdıq ki, öz doğma yurdumuzda bayramları qeyd edək. Artıq o günlər reallaşıb. Həqiqətən də yuxularımız gerçəkləşib. Hansı ölkəyə getsək də, harda olsaq da içimizdə bir əminlik var. 2023-cü ildə də ölkəmizə xoş günlər arzu edirəm. Ümid edirəm ki, bütün torpaqlarımız bizə qayıdacaq”.
Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Almaz Orucova deyib.
“Bu gün təsadüfi sənətə gələnlər var ki, onlarda heç məsuliyyət hissi yoxdur. Nə tamaşaçılar qarşısında, nə də sənət yoldaşları qarşısında məsuliyyət daşımırlar. Nə sənətdən, nə də ki, sənətkarlıqdan anlayışları var. Böyük-kiçik bilmirlər. Şəxsən mən fikirləşməmişəm ki, hansısa mahnını oxuyum, reytinq qazanım, toylarım çoxalsın. Amma indikilər bunu düşünüb addım atır. Bizim nəsil müğənnilər sənətə, mədəniyyətə xidmət ediblər. Ədəb-ərkan insanın kökündən gəlir. Mən yalandan deyə bilmərəm ki, milyonçu ailəsində boya-başa çatmışam. Xeyr! Amma sadə və ziyalı ailədə doğulmuşam. Hər bir müğənninin ifa etdiyi mahnı onun xarakterinin əksidir” deyə sənətkar bildirib.
Almaz Orucova müəllimi Şövkət Ələkbərovadan da danışıb.
“Şövkət xanımın həm sənətindən, həm də ədəb-ərkanından yararlanmışıq. Xəstə idi, dərs keçmək üçün bizi evinə dəvət edirdi. Şövkət xanımın evində təhsil alırdıq. Qapıdan içəri daxil olan kimi Şövkət xanım özü qabağımıza gəlirdi. Bir ana kimi bizə diqqət və qayğı göstərirdi. Bizə həm həyat dərsi, həm də sənət dərsi keçirdi. Hətta bizlə bir tələbə də gəlirdi. Deyirdi ki, onunla əlaqə saxlamayın, sizə layiq dost deyil. Bu gün Şövkət xanımın tələbələri həm ədəb-ərkanı ilə, həm də peşəkarlığı ilə seçilir” deyə sənətkar bildirib.































































































