
Qalmaqallı filmin axtarışda olan müəllifi tutuldu
Dünən ABŞ-ın Los Anceles ştatında "Müsəlmanların məsumluğu" filminin ehtimal olunan müəllifi, 55 yaşlı Misir əsilli Nakula Baseli Nakula adlı şəxs həbs olunub. Britaniyanın BBC tele-kanalının yaydığı məlumata görə, ABŞ prokurorluğu onu vaxtından əvvəl sərbəst buraxılması şərtlərini pozduğu üçün yaxalayıb. Prokurorluq nümayəndəsi bildirib ki, 55 yaşlı rejissor azadlığa çıxma şərtlərini pozduğu üçün qanunla sərt şəkildə cəzalandırılacaq. Belə ki, ötən il Nakula maliyyə fırıldaqlarına görə Kaliforniya ştatında həbsə alınmışdı və 2011-ci ildə xüsusi şərtlə azadlığa buraxılmışdı. O, xüsusi razılıq sənədi olmadan internetdən istifadə edə və ya özünə təxəllüs götürə bilməzdi.
Qeyd edək ki, Nakula Baseli Nakula Misir əsilli pravoslav xaçpərəst ərəbdir. O, məlum filmdən sonra müsəlmanların qəzəbindən gizlənmək məcburiyyətində qalmışdı. Nakula sentyabrın ortalarında polis tərəfindən dindirilsə də, yenidən yoxa çıxmalı oldu. Belə ki, təkcə Pakistanın dəmiryolu naziri onun edamı üçün 100 min ABŞ dolları həcmində mükafat təyin edib.
Xatırladaq ki, "Müsəlmanların məsumluğu" filmi 14 dəqiqəlik qısametrajlı novelladır. O, cari ilin 11 sentyabr tarixində internetə yerləşdirilən kimi bütün islam dünyasını ayağa qaldıra bildi. Belə ki, filmdə sonuncu peyğəmbər təhqir olunur, "Allahın qanunları"nı icad edərək şəxsi məqsədləri üçün istifadə edən fırıldaqçı və əxlaqsız kimi təqdim olunur. Məhz bu səbəbdən film yayılan ilk günü Liviyada ABŞ səfirliyi hücuma məruz qaldı. Nəticədə səfir Kris Stivens və 3 amerikalı öldürüldü. Etiraz aksiyaları qısa zamanda Sudan, Mərakeş, Tunis, Fələstin və başqa ərazilərə yayıldı. Gərginliyin artması ilə əlaqədar ABŞ hökuməti "Google" şirkətinə filmin "YouTube" portalından silinməsi üçün rəsmi müraciət etdi. Lakin "Google" hökumətin bu təklifini rədd etdi. Hətta bəzi ölkələrin rəsmiləri də şirkətdən həmin videonun onların ölkəsi üçün blok edilməsini xahiş etsələr də, "Google" hamıya etiraz etdi. Bu səbəbdən Sudan, Banqladeş, Pakistan və Rusiyanın bəzi regionlarında YouTube portalından istifadəyə müvəqqəti məhdudiyyət qoyulub. İranda isə ümumiyyətlə "Google" axtarış portalı, Gmail poçt xidməti internet resurslarından çıxarılıb.
O.M.