Tanınmış bəstəkar Hüseyn Abdullayev Azərbaycanın Özbəkistanda səfiri olacaq

Tanınmış bəstəkar Hüseyn Abdullayev Azərbaycanın Özbəkistanda səfiri olacaq

25 Sentyabr 2012 14:19
Bəyəndim (0) Bəyənmədim (0)
Sabiq deputatın diplomatik fəaliyyətdə sabiq milli təhlükəsizlik nazirini əvəzləyəcəyi gözlənilir

Milli Məclisin keçmiş deputatı Hüseyn Abdullayev fəaliyyətini diplomatik sahədə davam etdirəcək. Modern.az-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, H.Abdullayev Özbəkistana səfir göndərilir.

Məlumata görə, Hüseyn Abdullayev 2004-cü ildən Azərbaycanın Özbəkistanda səfiri postunu tutan keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovu əvəz edəcək. Bildirilir ki, N.Abbasov diplomatik karyerasını bitirməyə hazırlaşır. O artıq yaşına və səhhətinə görə, təqaüdə getmək istəməsi barədə dövlət başçısına müraciət edib.
Ölkə rəhbərliyi N.Abbasovu əvəz edəcək kadr barədə bir sıra məsləhətləşmələrdən sonra Hüseyn Abbdullayevin göndərilməsini qərara alıb.
Hüseyn Abdullayev 2005-ci ildə Milli Məclisin deputatı seçilmişdi. 2007-ci il martın 16-da Nazirlər Kabinetinin hesabatı zamanı H.Abdullayevin tənqidi çıxış cəhdi böyük qalmaqalla nəticələndi. Deputat Fəzail Ağamalı ilə aralarındakı mübahisə sonradan əlbəyaxa davaya çevrildi. Nəticədə H.Abdullayev deputat mandatından məhrum olundu. Barəsində cinayət işi açılan H.Abdullayev əvvəlcə həbs edilsə də, sonradan azadlığa buraxıldı.
H.Abbdullayev həmçinin tanınmış bəstəkardır. Onun yazdığı mahnıları populyar estrada ifaçıları ifa edirlər.

O.M.