Aslan Hüseynov caz janrında oxuyacaq

Aslan Hüseynov caz janrında oxuyacaq

21 Sentyabr 2012 14:08
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni duet ifaçısına çevrilməkdən qorxur

Çoxdandır efirlərdə görünməyən Aslan Hüseynov, sən demə, qızğın yaradıcılıqla məşğul imiş. Oxumeni.az-ın xəbərinə görə, artıq o, duet mahnıların ifaçısı kimi gündəmə qayıtmaq fikrindədir. Belə ki, Aslan populyar müğənni Nəsibə Abdullayeva ilə bir neçə duet mahnı hazırlayıb. Onlardan biri elə Nəsibə xanımın öz repertuarından olan "Sevgilim" mahnısıdır.

- Nədənsə hələlik bu mahnının oranjemanı hazır deyil. Yəni oranjeman Özbəkistanda bir qədər gecikir. Bu, şən bir mahnıdır. Təxminən bir-iki aya hazır olar. Eyni zamanda Murad Şamil və Səidə Dadaşova ilə də duetlərimiz var. Səidə Dadaşova ilə oxuduğum "Düşüncələrim" mahnısı caz stilində çox maraqlı mahnıdır. Hətta o mahnını oxuyub özüm dinləyərkən inanmadım ki, bunu mən ifa etmişəm.

- Duet oxumaq təklifi kimdən gəlir? Bu, öz arzunuzdur?

- Duet oxumaq çox maraqlıdır. Lakin təkliflər qarşı tərəfdən gəlir və deyim ki, o qədər təklif almışam, deyəsən, axırda məni duet ifaçısı kimi tanıyacaqlar. Mən hər zaman yenilik axtarışındayam. Səidə Dadaşova ilə tam başqa, Murad Şamillə isə fərqli stildə oxumuşam.

- Klip çəkdirmək barədə necə, düşünmürsünüz?

- Yeri gəlmişkən, elə qeyd edim ki, bu gün Səidə Dadaşova ilə duetimizin klip çəkilişlərinə start veririk.

- Rejissorunuz kimdir?

- Rejissor eyni zamanda oxuduğumuz mahnının müəllifi olan Arzu xanımdır .

- Dinləyicilər sizin yeni disklərinizi də əldə etmək istəyirlər...

- İnşallah, yeni diskim tezliklə hazır olacaq. Bu diskdə həm yeni mahnılarım, həm də repertuarımdan sevilən mahnılar yer alacaq. Məsələn, "Reyhan" mahnım demək olar ki, bütün el şənliklərində ifa olunur və çox sevilir.

- Başqa müğənnilərin repertuarınıza müraciət etmələri sizi qıcıqlandırmır ki?

- Yox, yox, əksinə, qoy oxusunlar. Bu, məni daha da sevindirir.

- Eşitdiyimə görə, mütəmadi olaraq başqa ölkələrə də toylara dəvət alırsınız...

- Elə Səidə Dadaşova ilə iki gün olar ki, Alma-Atadan el şənliyindən gəlmişik. Çox möhtəşəm, gözəl bir toy idi. Yüksək səviyyədə qarşılandıq. Hətta etiraf edim ki, bu toydan maraqlı hədiyyələr də aldıq. Toyu mən idarə edirdim. Musiqiçilər də məni məharətlə müşayiət edirdilər.

- Bu il ailənizdə, deyəsən, bir yenilik də olub...

- Bəli, qızım Afərin bu il birinci sinfə qədəm qoyub. Bu, ailəmiz üçün bir sevinc idi. Oğlum Polad isə artıq ikinci sinfə gedir, əlaçıdır. Və onu da bildirim ki, dekabr ayında Avropa ölkələrinə dəvət almışam. Əslində bu dəvət oktyabr ayına gözlənilirdi. Sadəcə oktyabr ayında mən ölkəmizdə keçiriləcək dövlət tədbirinin musiqi rəhbəri olduğumdan səfəri dekabr ayına saxlamışam. Demək olar ki, dörd – beş dəfə Avropa ölkələrində konsertlərdə iştirak etmişəm. Çox istərdim ki, Amerika və Azərbaycanı dəstəkləyən Meksikanı da görüm.

- Sonda bizə arzunuz?

- Qeyd edim ki, mən mətbuat işçilərinə böyük hörmət bəsləyirəm. Onlar arasında sizin kimi dostlarım da var. Lakin bəzən haqqımda yazılan yazılarda anlaşılmazlıqlara rast gəlirəm ki, nəticədə, bu, bəzi sənətçilərlə aramızda müəyyən incikliklər yaradır. Arzum budur ki, bütün qələm sahibləri hər zaman ədalətli olsunlar!

Aslan aslanlara xas olan əzmkarlıqla səhnəyə yenidən həmlə etməyə hazırlaşır...

Mətanət Şamilqızı

O.M.