
"Məktəb illəri"nin ifaçısı qızını məktəbə yollamağa hazırlaşır
İllər öncə "Məktəb illəri" mahnısını ifa edən və məhz bu mahnını şah əsəri hesab edən Lalə Məmmədovanın həyatında fərqli hadisə baş verəcək. Belə ki, əməkdar artist elə özünün səsləndirdiyi musiqinin sədaları altında gözünün ağı-qarası bircə balasını məktəbə yola salacaq. "Mən hələ uşaq idim bu mahnını oxuyanda. Ağlıma da gəlməzdi ki, "Məktəb illəri" bir əsərə çevriləcək və ilin əvvəlində olduğu kimi sonunda da bütün məktəblərdə səsləndiriləcək. Mənim də qızım bu mahnıya qulaq asa-asa məktəbə daxil olacaq. O gün olsun ki, elə bu mahnıya qulaq asa-asa məktəbi bitirsin. Bütün birinciləri bəri başdan təbrik edirəm. Övladlarını birinci sinfə yola salan valideynlərə gözaydınlığı verirəm!" – deyə açıqlama verən Lalə Məmmədova özünü çox xoşbəxt hiss etdiyini də vurğuladı.
Deyəsən, 15 Sentyabr tarixi Lalə Məmmədovanın həyatında mühüm hadisələrlə yadda qalır. Xatırladım ki, ötən ilin sentyabrin 15-də Lalə Məmmədova Əməkdar artist adına layiq görülmüşdü. Gələn il çox güman ki, məhz bu tarixdə Xalq artisti fəxri adıyla mükafatlanar...
Könül Aypara