Nurlan Təhməzli klip təqdimatı keçirdi

Nurlan Təhməzli klip təqdimatı keçirdi

6 Sentyabr 2012 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün sizə gənc ifaçı Nurlan Təhməzlini təqdim edirik. Nurlan 24 yaşındadır. Gənc olmasına baxmayaraq, sənətlə çoxdan tanışdır. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, xalq artisti, tanınmış ustad, xanəndə Əlibala Məmmədovun xanəndəlik sinfini bitirib.

Səhnəyə ilk gəlişi 12 yaşında bəstəkar Sevda Məmmədlinin "Günahsızdır uşaqlar" adlı mahnısı ilə olub. Az yaşlarından sənət camiasına atılan Nurlan 13 yaşında ilk albomunu da üzə çıxarıb. İfaçılıq sənətinə marağı tükənməyən Nurlan daha sonra təhsilini Milli Konservatoriyada davam etdirib. Burda isə onun taleyinə xalq artistləri Arif Babayev, Canəli Əkbərov və tanınmış vokal ustadları Teymur Əmrah və xalq artisti Samir Cəfərovdan dərs almaq pay düşüb.

Adları çəkilən sənətkarlardan həm muğam, həm də vokal incəliklərinə yiyələnən Nurlanın sənətə ikinci qayıdışı isə bəstəkar Elvin Musayevlə birgə yazdığı, sözləri reper Nadoya məxsus "İzn ver" adlı mahnısı ilə olub. Elə bu gün də sizlərin qarşısına məhz həmin mahnıya çəkilmiş kliplə çıxır. Nurlan bu yolda tək deyil. Ona bu işdə yaxın dostu, rejissor, prodüser Pənah Eldaroğlu da yaxından köməklik edir. Ona həm iri layihələrdə, həm də mahnı seçimində bir çox məsləhətlər verir.

Xatırladaq ki, bu, Nurlanın ilk klipi deyil. O, bu klipdən əvvəl müəllimi, xalq artisti Samir Cəfərovla birgə, dahi sənətkar, xalq artisti Zeynəb Xanlarovanın repertuarından "Əsən yellər" adlı mahnısına çəkilmiş kliplə də ekranlarda görünüb.

O.M.