Məşhur qarmonçalan Gülbahar Şükürlü: “Onu itirəndə həm də xəstəliyimlə mübarizə aparırdım...”

Məşhur qarmonçalan Gülbahar Şükürlü: “Onu itirəndə həm də xəstəliyimlə mübarizə aparırdım...”

13 Noyabr 2022 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

“Bəzən efirə çıxıb deyirlər ki, varlığımla filankəsi yandırıram, insan yoxluğu ilə yandırıb tökür, varlığı ilə yox”

“Gövhər xanımla verilişlərdə çox olmasaq da, toylarda çox oluruq. Hərənin öz yolu var. Bəzən toylarda mənə deyirlər ki, sizi də çox istəyirik, Gövhər xanımı da. O insandan elə xoşum gəlir ki. Toylarda onun nömrəsini də məndən istəyirlər, sevərək verirəm də. Bəzən musiqiçi toya elə müğənni ilə düşə bilər ki, heç onu müşayiət etmək istəməz, amma o buna məcburdur. Deyə bilməzsən ki, mən filan müğənnini müşayiət edə bilmərəm. Düzdü mənim hamı ilə münasibətim çox yaxşıdır, heç kimlə qalmaqalım olmayıb. Amma verilişlərdə məni buna heç kim məcbur edə bilməz”.

Oxuməni.az xəbər verir ki, bunu əməkdar artist Gülbahar Şükürlü Moderator.az-a açıqlamasında deyib. O daha sonra əlavə edib:

“Bəzən məclislərdə olur ki, müğənni mahnını ifa edir, amma sözlərini bilmir. Mən ona köməklik edirəm. Amma bəzən də olur ki, özüm o mahnının sözlərini bilmirəm, əsas odur ki, məğzi və mövzunu tuturam. Elə qarmon ifaçılarımız var ki, not bilmir, amma fitri istedadları var, sənətlə peşəkar formada məşğul olurlar”, - deyə o bildirib.

Qarmon ifaçısı həyat yoldaşının ölümü ilə hələ də barışmadığını bildirib.

“Deyirlər ki, ölənlə ölmürlər. Amma mən deyərdim ki, ölürlər. Zahid yuxuma da girir, deyib-gülür, danışır. Ona həsəd də aparıram. İndi də onun ölümü ilə barışmıram, amma Allaha da üsyan etmirəm. Bu həyatın qanunudur, bir gün gələn, bir gün getməlidir. Zahid dünyasını dəyişəndə dedim ki, mən qalmaram. Mənə böyük təsəllilər verdilər. Biri yazırdı ki, “ərim 5 ildir rəhmətə gedib, biri yazırdı ki, 15 ildir rəhmətə gedib, özümə gələ bilmirəm”. Pis insan olsaydı yanıb-yaxılmazdım. Zahid olmayandan sonra onu daha çox kəşf etdim. Mənə bəzən deyirlər ki, xəstəliyini də Zahid götürüb apardı. Onu itirəndə həm də xəstəliyimlə mübarizə aparırdım. Zahid ölümü də mənə sevdirdi. Bəzən efirə çıxıb deyirlər ki, varlığımla filankəsi yandırıram, insan yoxluğu ilə yandırıb tökür, varlığı ilə yox”, - deyə qarmon ifaçısı deyib.