Aygün Kazımova yenidən Nabrana qayıdacaq

Aygün Kazımova yenidən Nabrana qayıdacaq

6 Avqust 2012 11:56
Bəyəndim (0) Bəyənmədim (0)

Milli.Az-ın Nabrana ezam olunmuş əməkdaşı xəbər verir ki, ötən gün Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımova "Atlant" istirahət zonasında möhtəşəm konsert proqramı ilə çıxış edib. Hərarətin yüksək, enerjinin tükənməz olduğu "İkinci sən" adlı konsert deyildiyi vaxtdan bir az gec başladı. Yubanmaya səbəb olan hazırlıqların tamamlanmaq üzrə olduğunu dəqiqləşdirdiyimiz vaxt Aygün xanım qaldığı kotecin kəndarında göründü və onu sevən saysız-hesabsız heyranının əhatəsində "Aygün" nömrə nişanlı avtomobilinin sükanı arxasına keçdi.

Konsert məkanına çatar-çatmaz "Aygünlu gecə"nin aparıcısı, ATV telekanalının tanınmış simalarından biri Rüfət Ağayev nəhayət ki, yüzlərlə səbirsiz fanatın intizarına son qoydu. Gözqamaşdıran imicli Kazımova "Nero" rəqs qrpunun rəqqasları ilə birlikdə səhnədə göründü. "Düşün məni" ilə başlanan konsertdə ümumilikdə 21 mahnı oxuyan xalq artisti sevənlərinin arzu və istəklərini nəzərə alıb, əsasən onlara yaxın məsafədə ən sevimli hitlərini səsləndirdi.

Aygün xanım çıxışı zamanı 3 yeni mahnısı - "Futbol", "İkinci sən - remiks" və tanınmış türkiyəli müğənni Serdar Ortaçın onun üçün yazdığı "Hayat ona güzel" mahnılarını da ifa etdi. Enerjili fanatların alqışları, həm də kumirlərinin mahnılarını əzbərdən, onunla birlikdə oxumaları isə ab-havanı daha müsbətləşdirirdi.

Bakıdan gələn sənətçi qonaqların səhnədəki çıxışları da konsertə bir başqa rəng qatdı. Müğənnilər Günay İbrahimli, Xəyyam Nisanov, Üzeyir Nurlan Nabranı lərzəyə gətirmiş Kazımovanın uğurlu konsertində iştirak etməkdən məmnunluqlarını gizlətmədilər.

Qeyd edək ki, konsertin əsas təşkilatçısı xalq artisti ilə işbirliklərini uğurla davam etdirən tanınmış prodüser Tarix Əliyev (Tolik) idi. Ümumi komandaya isə asistenti Ülvi Hadıyev (Şyaba), tanınmış radioaparıcı Kazım Bağırov, top-stilist Anar Ağakişiyevvə başqaları daxil idi. Anarın dəyişməyə müvəffəq olduğu estrada ulduzunun çimərlik geyimini xatırladan əlbisəsi modelyerGülya tərəfindən ərsəyə gətirilmişdi.

Səhnə dekorasiyasını çilçıraqlar ilə çox fərqli şəkildə bəzəmək isə peşəkar dizayner İboya həvalə olunmuşdu. Şəkillərdən də göründüyü kimi, dekorasiyada ağ-qara elementlərin bir-biri ilə çox gözəl vəhdət təşkil edirdi.

Başqa bir maraqlı məqam isə Bakıdan gələn yüzlərlə tamaşaçı arasında "Aygün Fans"ın ən fəal üzvlərinin olmaları idi. Fanatlar pozitiv enerjisini daha bol etməkdən ötrü Kazımovaya əsl stimul verirdilər. Bir sözlə, səhnədə hərarət yüksəldikcə, fanatlar hisslərini cilovlaya bilmirdilər.

Səs və işıq effektlərinin mükəmməl olmasını da vurğulamaq yerinə düşərdi. Möhtəşəm konsertlərini işıqlandırmağı Hamdi bəy və onun peşəkar komandasına həvalə edən pop-diva bu dəfə də seçimində yanılmadı.

Konsertdə media mənsublarının da çəkiliş aparmasına şərait yaradan müğənni Lider TV-də yayımlanan "İstidir" verilişinin aparıcısı Murad Əzimzadə və ATV-nin "10 Lar" proqramının əməkdaşı Ruslanın suallarına cavab olaraq şok açıqlamalara imza atdı.

İşinin peşəkarı olan dj Çina konsert boyu etdiyi ritmik remiksləri səsləndirdi, ardınca gecə yarısına qədər davam edən diskoteka da əylənməyi sevən coşğulu publikanı daha da coşdurdu.

Azərbaycanın ilk oriyental rəqqasəsi Nailə Dadaşovanın sərgilədiyi performansı da məxsusi olaraq vurğulamağı lazım bilirik.

Hələ də Nabranda olan Aygün xanım Milli.Az-ın əməkdaşı ilə söhbəti zamanı mükəmməl konsertə görə özünü, pərəstişkarlarını və prodüseri Toliki belə təbrik etdi:

"Həqiqətən də, biz çox böyük iş gördük. Konsert günü çox qısa vaxtda təyin olunsa da, sanki aylarla hazırlaşmışdıq proqrama. İlk növbədə prodüserim Toliki təbrik etmək istəyirəm. Ən xırda detalın belə həll olunmasını öz üzərinə götürdü və sonda nəticə uğurlu alındı. "Tudor" çaylarına təşəkkür edirəm, dəstəyimiz oldular. Təşəkkürlərdən Milli.Az-a da pay düşür. Çünki son ana qədər bütün nüansları operativ şəkildə oxuculara çatdırdınız. İnşallah, ən qısa zamanda yep-yeni proqramla yenidən pərəstişkarlarım qarşısında hesabat vermək istəyirəm.

Gerçəkləşdirdiyimiz layihələri, bundan sonra edəcəklərimi dəstəklədiyi üçün ən özəl minnətdarlığım məni sevənlərin ünvanınadır. Məhz onların sayəsində mən Aygün kimi varam və yaşayıb-yaratmaq eşqim məni yeniliklər etməyə vadar edir. Bu sözü hələ çox deyəcəyəm: "Oxuyum sizin üçün, sizin Aygünəm".

Atlant istirahət kompleksinin adının açıqlanmasını istəməyən əməkdaşının Oxumeni.az-a verdiyi məlumata görə, xalq artistinin qızı İlqarə avqustun 15-dən etibarən Atlant istirahət mərkəzində istirahət edəcək.

O.M.