Tibbi xidmət hesab-fakturaları vasitəsilə dövlət büdcəsi talanıb

Tibbi xidmət hesab-fakturaları vasitəsilə dövlət büdcəsi talanıb

11:08
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Ədliyyə Nazirliyi (DOJ) və Federal Təhqiqat Bürosu (FBI) transmilli mütəşəkkil cinayətkarlıqla və daxili maliyyə fırıldaqçılığı ilə mübarizə çərçivəsində ard-arda mühüm qərarları və ittiham aktlarını elan edib. İctimaiyyətə açıqlanan son rəsmi məlumatlara əsasən, hüquq-mühafizə orqanları həm beynəlxalq narkotik kartellərinə, həm də dövlət tibbi təminat sistemlərini milyardlarla dollar mənimsəyən mütəşəkkil şəbəkələrə qarşı zərbələrini artırıb.

Meksikanın ən təhlükəli narkotik sindikatlarından biri hesab edilən Sinaloa Kartelinin beynəlxalq narkotik daşınması zəncirində əsas rol oynayan 51 yaşlı Xuan Hernandes Oçoa (Juan Hernandez Ochoa) ABŞ Məhkəməsində ittihamları qəbul edib. Hüquq-mühafizə orqanlarının təqdim etdiyi materiallara görə, Oçoa tonlarla metamfetamin və marixuananın ABŞ ərazisinə qanunsuz yollarla gətirilməsini və paylanmasını təşkil etməkdə günahlandırılırdı. Məhkəmədə təqsirini etiraf edən şəxsi uzunmüddətli azadlıqdan məhrumetmə cəzası gözləyir. ABŞ rəsmiləri bu addımın kartelin sərhədyanı narkotik təchizatı şəbəkəsinə vurulmuş ciddi zərbə olduğunu vurğulayırlar.

Eyni zamanda, İllinoys ştatının Şaumburq şəhərində fəaliyyət göstərən tibbi laboratoriyanın həmtəsisçisi və rəhbəri, 52 yaşlı Raceş Patel (Rajesh Patel) barəsində böyükhəcmli maliyyə fırıldaqçılığı ittihamı irəli sürülüb. Federal Böyük Jüri tərəfindən təsdiqlənən ittihamnaməyə əsasən, Patel heç vaxt aparılmayan və ya saxtalaşdırılan 380 mindən çox COVID-19 testi üçün dövlət və özəl sığorta fondlarından 66.2 milyon dollar vəsait tələb edib. Qanunsuz sxem nəticəsində federal büdcədən və sığorta şirkətlərindən ən azı 44.1 milyon dollar nağd vəsait mənimsənilib. Pateli səhiyyə sahəsində fırıldaqçılığın hər epizoduna görə uzunmüddətli həbs cəzası və iri məbləğdə cərimələr gözləyir.

Səhiyyə fırıldaqçılığı üzrə başqa bir əməliyyat isə Merilend ştatında yekunlaşıb. Dövlətin "Medicaid" və "Medicare" proqramlarından 18.7 milyon dollar mənimsəməkdə ittiham olunan şəxs barəsində federal məhkəmə tərəfindən ittihamverici hökm çıxarılıb. Məhkəmə sənədlərindən məlum olur ki, təqsirləndirilən şəxs saxta pasiyent siyahıları və icra olunmayan tibbi xidmət hesab-fakturaları vasitəsilə dövlət büdcəsini talayıb. Məhkəmə mənimsənilən vəsaitlərin tam şəkildə dövlətə qaytarılması və müttəhimin həbs cəzasına məkum edilməsi barədə qərar qəbul edib.

ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri bəyan ediblər ki, istər transmilli narkotik daşımaları, istərsə də ölkə daxilində səhiyyə sistemini hədəf alan mütəşəkkil maliyyə cinayətləri dövlət təhlükəsizliyinə birbaşa təhdiddir. Nazirlik bu növdən olan kriminogen şəbəkələrin tamamilə çökdürülməsi üçün federal agentliklərin birgə əməliyyatlarının kəsintisiz davam edəcəyini vurğulayıb.

Şahmurad