Ucuz ərzaq məhsullarında ağciyər xərçənginə qarşı təsir göstərə bilən maddə aşkarlanıb

Ucuz ərzaq məhsullarında ağciyər xərçənginə qarşı təsir göstərə bilən maddə aşkarlanıb

14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Kversetin sitrus meyvələrində, soğanda və qarabaşaqda olan, iltihabəleyhinə xüsusiyyətləri ilə tanınan bitki mənşəli birləşmədir. Almaniyanın Fridrix-Aleksandr Universitetinin Erlangen Universitet Klinikasının tədqiqatçıları bu maddənin ağciyər xərçənginin müalicəsinə necə kömək edə biləcəyini araşdırıblar. Oxuməni.az xəbər verir ki, tədqiqatın nəticələri Cell Death Discovery elmi jurnalında dərc olunub.

Ağciyər xərçəngi dünyada ən geniş yayılmış xərçəng növüdür və digər xərçəng növləri ilə müqayisədə daha çox insanın həyatına son qoyur. Müxtəlif müalicə üsulları mövcud olsa da, onların hamısı hər xəstə üçün uyğun deyil. Erlangen Universitet Klinikasının Molekulyar Pulmonologiya şöbəsinin həkimləri kversetinin xərçəng hüceyrələrinə eyni vaxtda bir neçə istiqamətdən təsir göstərdiyini müəyyən ediblər.

“Ağciyər xərçənginə qarşı istifadə olunan bir çox dərman yalnız bir molekulu hədəf alır. Təcrübələrimizdə isə kversetin eyni vaxtda bir neçə hədəfə təsir göstərirdi”, – deyə doktor Syuzetta Finotto izah edib. Tədqiqat zamanı alimlər bu maddənin laboratoriya şəraitində ağciyər xərçəngi hüceyrələrinə, siçanların ağciyər toxuması kəsiklərinə və canlı heyvanlara təsirini yoxlayıblar.

Təcrübələr zamanı kversetinin şiş hüceyrələrinin bölünməsini ləngitdiyi müəyyən edilib. Öyrənilən iki xərçəng hüceyrəsi növündən birində bu birləşmə oksidləşdirici stressi də azaldıb. Oksidləşdirici stress aktiv oksigen formalarının təsiri nəticəsində yaranan və xərçəngin inkişafına töhfə verən prosesdir.

Kversetinin hüceyrələrin miqrasiyasına təsiri xüsusilə nəzərəçarpan olub. Hüceyrələrin miqrasiyası metastazların, yəni xərçəngin digər orqan və toxumalara yayılmasının əsas şərtlərindən biridir.

“Kversetinin dozası nə qədər yüksək olurdusa, miqrasiya edən hüceyrələrin sayı da bir o qədər azalırdı. Ən yüksək dozada hüceyrələrin miqrasiyası demək olar ki, tamamilə dayanırdı”, – deyə tədqiqatın aparıcı müəllifi Kristin Karvalyo bildirib.

Kversetin şişin böyüməsi və immun müdafiə üçün əhəmiyyətli olan zülallara da təsir göstərib. Tədqiq olunan xərçəng hüceyrələrində EGFR zülalının miqdarı azalıb. Bu zülal böyümə siqnallarını qəbul edərək hüceyrəyə ötürür. Xərçəng hüceyrələrinin immun sistemindən gizlənməsinə kömək edən PD-L1 zülalının səviyyəsi də aşağı düşüb.

Siçanların ağciyər toxuması nümunələrində immun sisteminə təsir də müşahidə olunub. Kversetin immun sisteminin şişlərlə mübarizəsinə kömək edən siqnal maddəsi olan interferon-alfa-2-nin miqdarını artırıb.

Kversetin qəbul edən siçanların bağırsaq mikrobiomunda da dəyişikliklər qeydə alınıb: qısa zəncirli yağ turşuları istehsal edən bakteriyaların sayı artıb. Bu turşular bağırsaqdan qan dövranı vasitəsilə ağciyərlərə çatır və xərçəng hüceyrələrinin böyüməsini zəiflədə bilər.

Siçanlar üzərində aparılan təcrübələrdə tədqiqatçılar kversetin qəbulundan sonra şiş ocaqlarının sayının azalmasına dair əlamətlər müşahidə ediblər. Lakin heyvanların yalnız bir neçəsində şiş inkişaf etdiyindən nəticələri təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var. Bu təsirlərin insanlarda da müşahidə olunub-olunmayacağı hələlik məlum deyil.

“Əldə etdiyimiz nəticələr göstərir ki, kversetinlə zəngin qidalanma ağciyər xərçənginin müalicəsini dəstəkləyə bilər. Həmçinin hesab edirik ki, onun profilaktik təsiri də ola bilər. Bu istiqamətdə araşdırmaları davam etdirmək istəyirik”, – deyə Finotto yekunlaşdırıb.

Almaz Həsənli