Alimlər müəyyən edib: yağlı qidalar xərçəngin metastaz verməsinə kömək edir
ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun bioloqları kolorektal xərçəngin metastaz verməsi üçün zəruri olan hüceyrə mexanizmini müəyyən ediblər. Məlum olub ki, yüksək yağlı qidalanma yağ molekullarının – seramidlərin istehsalı vasitəsilə bu mexanizmi aktivləşdirir. Oxuməni.az xəbər verir ki, tədqiqatın nəticələri “Science” elmi jurnalında dərc olunub.
Yoğun bağırsaq xərçəngindən ölüm hallarının əksəriyyəti şiş hüceyrələrinin bağırsaqdan kənara, əsasən qaraciyərə yayılması ilə əlaqədardır. Alimlər yoğun bağırsaq xərçənginin inkişafına nəzarət edən çoxsaylı genetik mutasiyalar müəyyən etsələr də, xərçəng hüceyrələrinin bağırsaqdan kənara yayılmasına məhz nəyin səbəb olduğu məlum deyildi.
Yeni araşdırmada mütəxəssislər yoğun bağırsaq xərçəngi hüceyrələrinin metastaz verməsinə imkan yaradan epigenetik proqramları araşdırıblar. Siçan modellərindən və xəstələrdən götürülmüş şiş orqanoidlərindən istifadə edən tədqiqatçılar metastatik hüceyrələrin əsas xüsusiyyətlərindən birinin YAP1 proqramının aktivləşməsi olduğunu müəyyən ediblər.
Aşkar edilmiş mexanizm YAP1 zülalı tərəfindən idarə olunur. Normal halda bu zülal toxumaların bərpasında iştirak edir. Bağırsaqda bu bərpa prosesi adətən yalnız qısa müddət ərzində meydana çıxan nadir, fetal tipli hüceyrələr vasitəsilə həyata keçirilir və zədələnmədən sonra bağırsağın daxili səthini bərpa edir. Bu mexanizm xərçəng hüceyrələrində aktivləşdikdə onların çoxalmasını və miqrasiyasını stimullaşdırır.
Siçanlar üzərində aparılan tədqiqatlarda alimlər həmçinin yüksək yağlı qidalanma ilə bəslənən heyvanların xərçəng hüceyrələrində YAP1-in sağlam qidalanan siçanlarla müqayisədə daha çox aktivləşdiyini müəyyən ediblər. Tədqiqatçıların fikrincə, yüksək yağlı qidalanma seramidlər adlı lipidlərin istehsalında iştirak edən fermentlərin aktivləşməsinə səbəb olur. Seramidlər daha sonra YAP1-i adətən qeyri-aktiv vəziyyətdə saxlayan molekulyar “tormozu (əyləci)” aradan qaldırır. Bunun nəticəsində YAP1 hüceyrənin nüvəsinə keçərək hədəf genləri aktivləşdirir.
Bu genlər qrupunun aktivləşməsi xərçəng hüceyrələrinin ilkin şişdən ayrılaraq orqanizmə yayılmasına kömək edir. Yoğun bağırsaq xərçəngində metastazın ən çox yayıldığı orqan qaraciyər, daha sonra isə ağciyərlərdir.
“Tədqiqata əsasən dərman vasitələri ilə təsir göstərilə bilən bir mexanizm aşkar etdik. Seramidlərin istehsalında iştirak edən fermentləri bloklamaq mümkün olarsa, şiş hüceyrələri bu bərpa proqramını aktivləşdirə bilməyəcək və böyük ölçüdə qaraciyərə metastaz verə bilməyəcək”, – tədqiqata rəhbərlik edən professor Ömər Yılmaz izah edib.
YAP1-in insanlarda metastaz prosesində iştirak edib-etmədiyini müəyyən etmək üçün tədqiqatçılar kolorektal xərçəng xəstələrinin RNT-sekvensləşdirmə məlumatlarını təhlil ediblər. Onlar müəyyən ediblər ki, metastatik xərçəng hüceyrələrində YAP1 daha aktiv olub. Həmçinin bədən kütlə indeksi (BKİ) daha yüksək olan xəstələrdə YAP1 tərəfindən aktivləşdirilən genlərin ekspressiyası normal çəkidə olan xəstələrlə müqayisədə daha yüksək olub. Bu genlərin səviyyəsi daha yüksək olan xəstələrdə sağqalma göstəriciləri də daha aşağı olub.
İndi alimlər seramidlərin istehsalında iştirak edən iki fermenti – DEGS1 və DEGS2-ni inhibə edən preparatlar hazırlamağı planlaşdırırlar. Tədqiqatçılar ümid edirlər ki, belə dərmanlar yoğun bağırsaq xərçənginin metastaz verməsinin qarşısını almağa kömək edəcək.
Almaz Həsənli































































































