
Donuz qaraciyəri transplantasiyasından sonra kişi 170 gündən çox sağ qalıb
Çinli həkimlər bildiriblər ki, onlar genetik olaraq dəyişdirilmiş donuz qaraciyərini 71 yaşlı bir kişiyə köçürüblər. Həmin şəxs əməliyyatdan sonra 171 gün yaşayıb və bu müddətin 38 günü ərzində onun bədənində donuz qaraciyəri olub — bu hadisə ilk dəfə olaraq “Journal of Hepatology” adlı elmi jurnalda dərc olunub.
Oxuməni.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qaraciyəri hepatit B və xərçəngdən zədələnmiş 71 yaşlı xəstə nə ənənəvi cərrahiyyə əməliyyatı keçirə, nə də insan donor orqanı ala bilməyib.
Həkimlər qaraciyəri xüsusi yetişdirilmiş miniatür donuzdan, Diannan cinsindən köçürüblər. Bu qaraciyər insanın immun sistemi tərəfindən rədd edilməsini azaltmaq və qanın laxtalanmasını daha təhlükəsiz etmək üçün genetik olaraq dəyişdirilmişdir.
İlk ayda transplantasiya olduqca yaxşı işləyib. Qaraciyər dərhal rədd edilmə əlamətləri olmadan safra və vacib qan laxtalanma zülalları istehsal edib. Ancaq 38-ci gündə fəsadlar yaranıb: immun reaksiyalar və qan damarlarının zədələnməsi nəticəsində yaranan ksenotransplantasiya ilə əlaqəli trombotik mikroangiopatiya (xTMA) səbəbindən xəstənin vəziyyəti pisləşib.
Müalicə bu vəziyyəti idarə etməyə kömək edib, lakin sonradan xəstə təkrar daxili qanaxma keçirib və 171-ci gündə ölüb.
Əvvəllər elm adamları donuz böyrəyini və ürəyini insanlara köçürüblər və qaraciyər transplantasiyasına yalnız ölən xəstələrdə cəhd edilirdi. Bununla belə, bir çox mütəxəssis heyvanlardan qaraciyər transplantasiyasının hətta mümkün olduğuna şübhə edirdi.
Tədqiqatda iştirak edən doktor Beyçen Sun bildirib ki, qaraciyər həmişə transplantasiya üçün çox mürəkkəb orqan hesab edilib. Amma indi o inanır ki, həkimlər fərqli düşünməyə başlayacaqlar. O əmindir ki, donuz qaraciyərinə kifayət qədər insan genləri daxil olarsa, insanlara kömək edə bilər.
Qaraciyəri əvəz etmək həqiqətən də digər orqanlardan daha çətindir. O, böyükdür, ikiqat qan tədarükünə malikdir və eyni vaxtda bir çox funksiyaları yerinə yetirir. Qaraciyər qanı toksinlərdən təmizləyir, qida maddələrini emal edir, həzm üçün öd istehsal edir, qanın laxtalanması üçün zülallar yaradır və şəkərin səviyyəsini tənzimləyir.
Almaz Həsənli