Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

28 İyul 2021 06:55
Bəyəndim (4) Bəyənmədim (0)

Abbas Vaqif

GƏLƏN QADIN

Bizim yerdə çiçək solmur,

Sazaqlardan gələn qadın.

Bir qaşıqla vüsal olmur,

Yasaqlardan gələn qadın.

***

Dəniz başqa, üzəmmirəm,

Ləpəsində gəzəmmirəm.

Görüşəndə öpəmmirəm,

Yanaqlardan gələn qadın.

***

Uşaq kimi ayaq yeri,

Qoca sevgi hələ diri.

Yaralayıb yaman biri,

Qonaqlardan gələn qadın.

***

Bilirəm, tez gəlib-gedən,

Bu ayrılıq oldu nədən?

Köhnə sevgi tutub bədən,

O çağlardan gələn qadın.

***

O şirinsən, o loxumsan,

Gecələrdə lal yuxumsan.

Ürəyimdə lap yaxınsan,

Uzaqlardan gələn qadın.

NƏ YALAN

Əbədi bildiyim böyük məhəbbət,

Bir anın içində nə yalan oldu.

Dəyişdi cizgilər, bitdi o hörmət,

Fələyin gücündə nə yalan oldu.

***

İnsanın insana üzə gülməyi,

Gerçəyə, doğruya, düzə gülməyi.

Bu fani dünyanın bizə gülməyi,

İnsanlar üçün də nə yalan oldu.

***

Dolubdu ürəkdə ümid anbarı,

Aldanma yalana, gəl indi barı.

Bu dünyanın əhdi, dostu, ilqarı,

Qalıb bir küncündə, nə yalan oldu.

***

Arzular uzaqda, xəyallar yaxın,

Həsrətlər eyləyir qəlbimə axın.

Ey dəli bir şair, şimşəktək çaxım,

Buludlar üstündə nə yalan oldu.

AVARA OLDUM

Enişli-yoxuşlu çətin dünyanı,

Bu qədər bilməyib, avara oldum.

Qəlbimə yapışan gizli xülyanı,

Heç zaman görməyib, avara oldum.

***

Nə qədər pul qoyub kafedə, barda,

Ömrümü sürmüşəm çətində, darda.

Üzünü çevirər bax, adamlar da,

Xoş ömür sürməyib, avara oldum.

***

Nə dostum bəllidir, nə də düşmənim,

Həsrəti yedirdib boşqabda qəmim.

Yalanlar üzdüyü gerçəklər gəmim,

Dəryada üzməyib, avara oldum.

***

Ruhum da küsübdü dünyadan daha,

İnamım qalmayıb aydın sabaha.

Bazarda satılır sevgilər baha,

Bu dərdə dözməyib, avara oldum.

Aidə Adıgözəl

ƏLLİ YAŞIMA

Salam, mənim əlli yaşım,

Salam, mənim yarım əsrim.

Salam, uçmuş, sınıq, salxaq,

Dam-tavanı çökmüş qəsrim.

***

Salam, çiliklənmiş ömrüm,

Salam, salam, salam, salam...

Kim dedi ki, mən gəlmişdim,

Bu dünyada düşəm qalam.

***

Salam, dağıdılmış yuvam,

Salam, sınmış yumurtalar.

Salam, sinəmin altında,

Bətnimdə ölmüş balalar.

***

Salam, unudulmuş qadın,

Seçilməyən gül dəstəsi.

Ömrün “həyat” adlı barda,

Uduzmuş qumar xəstəsi.

***

Salam, əziz doğmalarım,

Salam, tanış və dostlarım.

Utansam da qonaq gəlin,

Nə olsun yox ev, bostanım.

***

Salam, cibimdə son qəpik,

Salam, sonuncu ərzağım.

Dolabdakı köhnə donum,

Saçımda sınıq darağım.

***

Salam, mənim tənha gecəm,

Gecəmə şahid şeirlər.

Mənimlə birgə ağlayıb,

Varağa tökülən sözlər.

***

Salam, sonuncu gülüşüm,

Salam, son öpdüyüm adam.

Üstündən çox zaman keçib,

Unutmusan, indi yadam.

***

Salam, tətikdəki barmaq,

Daraqda sonuncu gülləm.

Atəş açsan ölməyəcəm,

Sonda yenə mənəm gülən!

İSTƏMƏZ

Çıx, bu könülün adamı,

Çıx bu saraydan, istəməz!

Tanrısına təpik atan,

Bu lütf, bu paydan istəməz!

***

Yaz yürüdümsə yollarda,

Başım qalda, könlüm darda.

Qış, onda hardaydın, harda?!

Sel suyu çaydan istəməz.

***

Sən sevəni vəba tutsun,

Şahlığı başına uçsun,

Unutsun, səni unutsun,

Azalsın saydan, istəməz.

***

Keçər ağrı, can sağalar,

Yaradantək izi qalar.

Bir gün ürək verər qərar,

Möhür - bu aydan istəməz.

***

Qayıt ruh sərgəştəliyim,

Ayıl, könül sərməstliyim.

Keçsin Leyla xəstəliyim,

Qəlb bu haraydan istəməz!

KÜSKÜN HEYKƏL

Buraxmışdım özümü, gecənin ağuşuna,

Öpürdü səmum yeli astaca saçlarımı.

Səni xatırlayırdım külək şıltaqlığında,

Nəsə tuta bilmirdim, axan göz yaşlarımı.

***

Hardasa xoruz səsi, arabir it hürüşü,

Quşların civiltisi, qarğanın qarıltısı.

İçimdəki dənizdə başlamışdı fırtına,

Döyürdü sahilimi həsrətin şarıltısı.

***

Bilmirəm, on bal idi, ya da on iki balmı?

Heç nə titrətməmişdi bu daş heykəl qadını.

Zəlzələ yalan idi, nə sehr, əfsun etmişdin,

Pozmuşdu bu Bisütun bir gecədə andını.

***

Kölgələr titrəyirdi, könül soyuqluğunda,

Sönürdü içimdəki sonuncu ümid şamı.

Uçuşurdu nə varsa könül tozanağında,

Tərk etmiş, unutmuşdu biri bu daş adamı.

Hazırladı: İsa Rəvan