Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

15 İyul 2021 06:50
Bəyəndim (0) Bəyənmədim (0)

Fərid Muradzadə

MANIM HAQDAN GƏLİR

Nəfsim dedi gəl əl çək,

Bu inada nə gərək.

Mənim Həllac Mənsurtək,

İmanım haqdan gəlir.

***

Şəfaçıyam, əttaram,

Hər bir sirrə səttaram.

Dərvişlərlə oxşaram,

İmanım haqdan gəlir.

***

Mən o “yarə” aşıqəm,

Qanı “bircə qaşığam”.

Haqq söyləyən aşığam,

İmanım haqdan gəlir.

***

İman qəlbin hakimi,

Ruhum şəffaf su kimi.

Deyir könlümün simi,

İmanım haqdan gəlir.

***

Gözlərdəki həsrətəm,

Ruhun itirmiş bədən.

Mənəm varlıqda “ədəm”,

İmanım haqdan gəlir.

***

Dəryalarda Yunusla,

Göy üzündə ulduzla.

Dua etdim, bir sözlə,

İmanım haqdan gəlir.

***

Həqiqətdir amalım,

Yara yetmək xəyalı.

Baba Yunus misalı,

İmanım haqdan gəlir.

MƏKTUB YAZDIM

Bir ömürlük sevgiyə,

Bəlkə bu son hədiyyə.

Ürəyimin əmriylə,

Sənə bir məktub yazdım.

***

Yorğunluq süzür gözdən,

Yovuşmur dilə söz də.

Zəngi vurdum zəng üstə,

Sənə bir məktub yazdım.

***

De, nə çatacaq dada?

Nələr düşəcək yada.

Birdəfəlik əlvida,

Sənə bir məktub yazdım.

***

Doğru qılınc, qını yox,

Yalançının dini yox.

Əvvəli var, sonu yox,

Sənə bir məktub yazdım.

RUHUM DƏLİ, MƏN DƏLİ

Bilmirəm nədir suçum,

İtib kələfin ucu.

Nə ilkəm, nə sonuncu,

Ruhum dəli, mən dəli.

***

Kim nə bilsin halımdan,

Nə doğrudur, nə yalan.

Mənsiz göylərdə uçan,

Ruhum dəli, mən dəli.

***

Gah qarıq, gah yağmuruq,

Yer üzünə yağmırıq.

Biz aləmə sığmırıq,

Ruhum dəli, mən dəli.

***

Kim yazıb bu hərifi,

Düz yazmayıb əlifi.

Gah sufi, gah hürufi,

Ruhum dəli, mən dəli.

***

Yusif-Kənana bənzər,

Dəli ozana bənzər.

Hərdən, “Sənana” bənzər,

Ruhum dəli, mən dəli.

Sevinc Arzulu

ŞƏN GÖRÜRƏM

Bir az nəmli gözlərində,

Xəyal dəmli gözlərində.

Sənin qəmli gözlərində,

Duman duyur, çən görürəm.

***

Darıxmırsan qərib eldə?

Dağ çayıtək coşan seldə.

Qızılıya çalan teldə,

İndi bəyaz dən görürəm.

***

Tərk eləyib postlarını,

Unuduban tostlarını.

Bir vaxt əziz dostlarımı,

Düşmən ilə tən görürəm.

***

Dünənimiz getdi boşa,

Bu günümüz gəlməz xoşa.

Səni əğyar ilə qoşa,

Nə yaxşı tək mən görürəm.

***

Arzularım qanad açar,

Qartaltək zirvəyə uçar.

Sonunda köksümü qucar,

Çox mehriban, şən görürəm.

LAMƏKAN

Tanrının qos-qoca ilindən çalmaq,

Yolunu öz doğma elindən salmaq.

Məni sənsizliyin əlindən almaq,

Səninçün ən ağır imtahanımdır.

***

Fələyin gözləri oyulub yenə,

Qəhrini çəkməkdən doyulub yenə.

Nə qədər yeni ad qoyulub sənə,

Səni rəzil edən bu dövranımdır.

***

Elə xatirələr yox deyir bizə,

Yağış da, dolu da hey döyür dizə.

Niyə bircə dəfə çıxmayır üzə?

Görəsən ədalət laməkanımdır?

BU GÜNAH KİMİN

Eh, belə gəlib də gedəcək zaman,

Axı xatirələr verməz ki, aman.

Xəyalın gözümdən itməyir bir an,

Ruhun qanad çalır bu gün ah kimi.

***

Doyunca dadmadım, etmədim nuşu,

Gedibdir gəncliyin başından huşu.

Bəxtin uçurduğu xoşbəxtlik quşu,

Çiyninə qonubdur bu gün, ah, kimin.

***

Pislikdən ucaltsan olmaz səməri,

Dostum, yaxşılıqla qoy sən təməli.

Təkcə Allah görür hər bir əməli,

Kim hardan bilir ki bu günah kimin.

Hazırladı Isa Ravan