Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətini tanıya bilər, əgər...
İngiltərə Türkiyənin ardınca Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanıya bilər. Bu barədə “Sundüy Ekspress” nəşri məlumat yayıb. Məlumatda İngiltərənin Cenevrədə keçiriləcək görüşlərdə 60 ildir Kipr adasını ikiyə bölən siyasi böhrana dinc həll yolu tapmaq üçün tarixi fürsət təqdim etməyə kömək edə biləcəyi deyilir.
Oxuməni.az-ın verdiyi xəbərə görə, nəşrə danışan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar ingilis hökumətinin bu görüşlərdə təklif edəcəyi ikidövlətli həll yolunu dəstəkləməyə çağırıb. O, Avropa Birliyindən ayrılan İngiltərənin bitərəf vasitəçilik missiyasını yerinə yetirə biləcəyinə, türklər və yunanlara münasibətdə qərəzsiz davranacağına inandığını deyib. Məlumatda İngiltərənin hökumət mənbələrinin qəzetə Kipr Türk Cümhuriyyətini rəsmən müstəqil ölkə olaraq tanımaq məsələsini müzakirə etdiyi bildirilib. Yaxın vaxtlarda iki ölkə arasında təyyarə uçuşlarının başlaya biləcəyi də diqqətə çatdırılıb.
Britaniyanın Şimali Kiprin müstəqilliyini tanıması realdırmı? Bəs İngiltərədən sonra Azərbaycan da 3-sü ölkə olaraq Şimali Kiprin müstəqilliyini rəsmən tanınma addımına gedə bilərmi? Artıq bizim bu istiqamətdə addım atğaımıza Qarabağ məsələsi əngəlimiz də yoxdur.
Məsələ ilə bağlı politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Kipr probleminin iki dövlət prinsipi əsasında həlli, əslində 2004-cü ildən, yunanlar “Annan planı”nı iflasa uğratdıqdan sonra gündəmə gəlib və bunun da əsas səbəbkarları Cənubi Kipr və Yunanıstandır: “Yunanlar Avropa İttifaqının tərkibində birləşmiş Kipr planına yox deyiblər və faktiki olaraq, Şimali Kiprlə birləşmək istəmədiklərini bildiriblər. Bu isə artıq Şimali Kiprin ayrıca bir dövlət kimi tanınmasına hüquqi əsas verir. Kipr 1915-1960-ci illərdə Böyük Britaniyanın koloniyası olub və BMT-nin sülhməramlı missiyasının həyata keçirilməsində də Britaniya aparıcı rol oynayıb və faktiki olaraq zəmanətçi dövlət kimi çıxış edib. Bu baxımdan, Kipr probleminin həlli Böyük Britaniya üçün prioritet məsələlərdən biri hesab olunur. Amma hazırda Şimali Kiprin Böyük Britaniya tərəfindən tanına biləcəyi inandırıcı görünmür. Həmçinin Britaniyanın Avropa İttifaqından çıxması da buna əsas vermir. Böyük Britaniya Yunanıstan və Türkiyə ilə birlikdə NATO-da təmsil olunur və rəsmi Londonun avro-atlantik alyansın prinsiplərinə zidd hərəkət edəcəyi şübhə doğurur. Amma Britaniya problemin həllində fəallıq nümayiş etdirə, yunanların həll probleminə maneə yaratdıqlarını əsas gətirərək, məsələni iki dövlət prinsipi əsas götürülməklə BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxara bilər”.
Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətini tanıya biləcəyi ehtimalına gəldikdə isə, Elçin Mirzəbəyli hesab edir ki, əgər bununla bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı olarsa, ölkəmizin belə bir addım atması mümkündür. Azərbaycan üçün dövlətlərin ərazi bütövlüyü prioritet məsələdir və ölkəmiz bütün mübahisəli məsələlərin həllində yalnız beynəlxalq hüquqa istinad edir.













































































.jpg)

















