Qərbin Azərbaycandakı 5-ci kolonu Türkiyəyə qarşı - Putin "genosid" desəydi...
Ən böyük təhlükə Qərbin Azərbaycandakı 5-ci kolonudur. Özlərini “demokrat”, “Qərb dəyərlərinin daşıyıcıları” sayanlar Baydenin soyqırım bəyanatını pisləyən, qınayan status və məqalə yazmadılar.
Oxuməni.az-ın verdiyi xəbərə görə, məsələnin bu tərəfinə diqqəti cəlb edən Musavat.com yazır ki, Türkiyəni müdafiə edən profil paylaşmadılar və paylaşmırlar. Susurlar, mövqe bildirmirlər, yayınmağa çalışırlar. Yazanlar var, amma çox ehtiyatla, qorxaqca. Sabah desinlər ki, biz zamanında etiraz edənlərdən olduq...
Bəs hanı sənin canlı yayın müzakirələrin, ictimaiyyətə müraciətin, haray-həşirin?! Nəzarətindəki internet tv-lərdə hələ uşaqpulu müzakirəsi aparırsan, ya da Putini tənqid edirsən. Qərb Türkiyəyə və Azərbaycana qarşı savaş açıb, bunlar isə deyir, ay aman, qoymayın, Rusiya Ukraynanı işğal edir. Hələ aralarında Amerikanın Yaponiyaya atom bombası atmasına haqq qazandıranlar var. Deyirlər, düşmənlə mübarizə aparanda belə etmək lazımdır. Yəni bunlara görə dinc insanları qırmaq olar. Bu adamların düşüncəsi belədir: “ABŞ nə edir, düz edir”.
Eyni şeyi Bayden yox, Putin etsəydi, yəni Rusiya prezidenti "genosid" ifadəsi işlətsəydi, Qərbin Bakıdakı agentura şəbəkəsi gecə ilə Rusiya səfirliyinin önündə etiraz aksiya keçirərdilər. Bunlar ABŞ-ın ayağı pisliyə bulaşanda onu təmizləmək üçün növbəyə dayanan milli dönüklərdir. Azərbaycan, ölkə maraqları veclərinə deyil.
Ukraynanı sevdiyiniz qədər Türkiyəni də sevsəydiniz... Ukraynaya görə Rusiyaya az qalsın müharibə elən edirsiniz. Türkiyəyə etdiklərinə görə isə ABŞ-ın ünvanına heç nə demirsiniz, yazmırsınız. Bir növbətçi feysbuk statusu ilə yola verirsiniz.
Qərbin ölkəmizdəki 5-ci kolonu 2009-cu ilin fevralında Türkiyə-Ermənistan sərhədlərinin açılması təhlükəsi yarananda da oxşar mövqe tutdu. Məsələyə ölkə maraqlarından yanaşmadılar. Deyirdilər, İlham Əliyev sıxışdırılır, ona xarici təzyiqlər artır, mövqeyi zəifləyir. Düşünürdülər, İlham Əliyevin mövqeyi zəifləsə, bunların iqtidara gəlmək şansları çoxalar. Açıq şəkildə Türkiyənin Ermənistanla sərhədləri açması ideyasını dəstəkləyirdilər. Məqsəd Amerikadan “Thank you" almaq idi. Bu səbəbdən həmin vaxt nə siyasi, nə mətbu dəstək verdilər Azərbaycan dövlətinə.
2008-ci ilin sentyabrında “futbol diplomatiyası” ilə start götürən proses (Türkiyə-Ermənistan sərhədlərinin açılması) sonda “Sürix Protokolları” ilə nəticələndi. O dövrdə Türkiyədə FETÖ iqtidar ortağı idi. ABŞ-dan gələn təlimatla FETÖ-çülər iki qardaş ölkəni bir-birinə düşmən edib, Ermənistana iqtisadi-siyasi nəfəslik verilməsinə çalışırdılar. Azərbaycanla Türkiyənin arasını vurmaq məqsədi daşıyan plan üzərində iş gedirdi. Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin sərt və prinsipial mövqeyi bu xain planın baş tutmasına mane oldu. Proses dayandı!
12 il öncə - 2009-cu ilin fevralında “Yeni Müsavat” Media Qrupu, onun rəhbəri Rauf Arifoğlu bu məsələdə Azərbaycan dövlətinə əlindən gələn dəstəyi verdi. Çünki anlayırdıq ki, bu, iqtidarın problemi deyil, bu, Azərbaycanı daha da zəiflətmək üçün qurulmuş oyundur. Türkiyəni də buna alət etməyə çalışırlar. Amma Əli Kərimli nəzarətindəki “Azadlıq” qəzetinin dövlətə dəstək verməsinə qadağa qoydu. Bunu iki şeyə görə etdi: 1. Amerikanın xoşuna gəlmək üçün. 2. Məsələni şəxsiləşdirdiyi üçün.
Ona elə gəlirdi ki, bu, Prezident İlham Əliyevin problemidir. Proses ona qarşıdır və dəstək verməsə, Əliyev daha ağır duruma düşər. Adam fərqində deyildi ki, bu, Azərbaycana, onun strateji maraqlarına qarşı olan qlobal fırıldaqdır. Bizi və Türkiyəni tələyə salmağa, Ermənistanı ağır siyasi-iqtisadi vəziyyətdən çıxarmağa çalışırlar. Yekunda iki qardaş və dost ölkənin - Türkiyə ilə Azərbaycanın münasibətləri korlanır, araya erməni girir...
Türkiyə növbəti dəfə beynəlxalq güclərin hədəfindədir. ABŞ prezidenti 1915-ci il hadisələrini "genosid" adlandırdı. Azərbaycandakı 5-ci kolon isə yenə dostu düşməndən seçməz olub. Türkiyəyə dəstək vermirlər, Amerikanın əleyhinə ciddi bir mövqe sərgiləmirlər.
Milli Şura başda olmaqla, bu tip siyasi dəstələr və onların rəhbərləri üçün Türkiyə-Azərbaycan dostluğu qəbuledilməzdir. Üzdə artistlik etmələrinə baxmayın, arxada bu dostluğu, müttəfiqliyi əsla qəbul etmirlər. Rusiyanı, Putini vurmalarının səbəbi Azərbaycana canlarının yanması ilə bağlı deyil. Azərbaycan-Türkiyə-Rusiya yaxınlaşması, bu üç dövlətin müttəfiq olması, Qarabağ məsələsində anlaşmaları, ölkəmizin xeyirinə qərarlar qəbul etmələri dediyim qüvvələrin siyasi perspektivini darmadağın edir, ümidlərini puça çıxarır. Onların ümidi yenə Qərbədir. Düşünürlər ki, Paşinyan kimi hakimiyyətə Qərb fondlarının və siyasi dairələrinin dəstəyi ilə gələ bilərlər. Amma bu perspektiv üfüqdə belə görünmür.
Birincisi, daxili amil ziyanlarınadır. Xalq Qarabağı azad etmiş, Şuşanı işğaldan qurtarmış bir prezidenti qoyub, bu cür siyasi alkoqolikləri dəstəkləməz.
İkincisi, xarici faktor da onların əleyhlərinədir. Son illər Qərbin Türkiyədə, Rusiyada, Azərbaycanda hakimiyyət dəyişikliyi cəhdləri iflas oldu. Artıq hər üç ölkə devrimlər əleyhinə təcrübələr qazanıb, inqilaba qarşı immunitet yaranıb.
Hər şey bir yana, inqilab olmuş heç bir ölkədə xalq xoşbəxt deyil. İnqilab bədbəxtlik və qan-qada gətirir. Qərbin 5-ci kolonunun istəyi də budur. Arzularına çatmayacaqlar. Nakam gedəcəklər...













































































.jpg)

















