İsveç səfiri Lorinlə Azərbaycan müxalifəti arasında görüşü təşkil etmədiyini bildirdi

İsveç səfiri Lorinlə Azərbaycan müxalifəti arasında görüşü təşkil etmədiyini bildirdi

24 May 2012 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikael Eriksson bu ölkənin "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Lorindən müsabiqədə siyasi bəyanatlarla çıxış etməyi xahiş etmədiyini deyib. M.Eriksson APA-ya açıqlamasında mayın 22-də həqiqətən də qəbul təşkil etdiyini bildirib: "Bu qəbula hökumət nümayəndələri, vətəndaş cəmiyyətinin, kütləvi informasiya vasitələrinin və müxalifət təmsilçiləri dəvət olunublar. Bu cür qəbulların təşkili normal praktikadır və burada qəribə heç nə yoxdur. Həmin qəbulda İsveçin "Eurovision-2012" təmsilçisi kimi Lorin də iştirak edib".

Səfir bildirib ki, dünən Azərbaycan Xarici İşlər Nazirliyində keçirdiyi görüşdə də bu məsələ müzakirə olunub: "Mən nazirliyin əməkdaşlarını əmin etdim ki, bu məlumat həqiqətə uyğun deyil".
Lorinin müxalifətçilər, yerli hüquq müdafiəçilərinin nümayəndələri ilə görüşməsi, Azərbaycanda insan haqlarının durumu, demokratiya və s. məsələlərlə bağlı müsahibə və bəyanatlar verməsi barədə sualı cavablandıran səfir bildirib ki, müğənninin bu cür görüşlər keçirməsindən xəbərdardır: "Lakin bu onun şəxsi seçimidir. Mən bu görüşdə iştirak etməmişəm, görüşün təşəbbüskarı da deyiləm".

O.M.