AXCP sədrinin müavini Arif Hacılının ölkə prezidentinə məktub yazmasını tənqid etdi

AXCP sədrinin müavini Arif Hacılının ölkə prezidentinə məktub yazmasını tənqid etdi

23 May 2012 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

"Partiyanın adi üzvlərinin təzyiqlərə dözə bilməyərək, hakimiyyət bağışlanmaqla bağlı müraciət etməsini anlamaq olar. Ancaq Arif Hacılı kimi Müsavat Partiyasının rəhbərliyində olan bir insanın belə müraciət etməsini məqbul saymıram". Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Asəf Quliyev deyib. A.Quliyev bildirib ki, partiya sədrliyinə iddialı olan bir şəxsin hakimiyyətə bu kontekstdə müraciət etməsi qəbul olunan deyil: "Həbsdə olduğum dövrdə mən də eyni vəziyyətlə üzləşmişəm və həmin anları yaşamışam. Həbsdə olduğum vaxt - 2002-ci ildə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Aydın Qasımov mənimlə görüşərək, hökumətin adına eyni məzmunlu müraciət yazmağımı istədi. Sonradan bu məzmunlu məktubu indi Milli Məclisin deputatı olan Fərəc Quliyev imzaladı. Aydın Qasımov məni məktubu yazmağın müsbət addım olmasına inandırmağa çalışsa da, buna getmədim".

A.Quliyev qeyd edib ki, müxalifət partiyasının rəhbərliyində olan şəxslər həbsdə olduğu zaman kimə müraciət etməli olduğunu dəqiqləşdirməlidir: "Burada dövlətçiliyə xidmətlə bağlı bir məsələ yoxdur. Hazırda AXCP rəhbərliyindən də iki nəfər həbsdədir. Başqalarını deyə bilmərəm, ancaq partiya rəhbərliyində olan Şahin Həsənli və Sahib Kərimlinin bu məzmunda məktub yazmasını nə məsləhət görərdim, nə də təqdir edərdim. Partiya rəhbərliyində olan insanlar həbsxana şəraitinə dözməlidir. Bu, siyasi mübarizədir. Çünki bu işə başlayarkən, hər vəziyyəti nəzərə almalıyıq. İstənilən halda, belə müraciəti məqbul hesab etmirəm".

O.M.