![Müsavat partiyasının VIII qurultayı Bakıxanov, Əmircan və ya Maştağa qəsəbələrində keçirilə bilər](/assets/images/white.jpg)
Müsavat partiyasının VIII qurultayı Bakıxanov, Əmircan və ya Maştağa qəsəbələrində keçirilə bilər
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının VIII qurultayının keçirilməsi ilə bağlı partiyanın müraciətini cavablandırıb. Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov bildirib ki, Müsavat Partiyası qurultayın keçirilməsi üçün əvvəlcə Bakı İdman Sarayı (keçmiş Əl Oyunları İdman Sarayı) sonra isə Opera və Balet Teatrını istəyib: "Bakı İdman Sarayında "Evrovizion" musiqi yarışmasının seçim turunun keçirilməsi ilə əlaqədar partiyanın həmin tədbirinin keçirilməsinə razılıq vermək mümkün olmayıb. Digər tərəfdən, qurultay və konfrans kimi tədbirlərin adıçəkilən kompleksdə keçirilməsi qəbul edilən təlimata uyğun deyil".
Z. Ramazanov qeyd edib ki, paytaxt meriyası budəfəki
cavabında da Müsavat Partiyasına icra hakimiyyətinin əvvəlcədən açıqladığı məkanlarda
qurultay keçirilməsi ilə bağlı tövsiyəni partiyanın diqqətinə çatdırıb:
"Partiyanın diqqətinə çatdırılıb ki, Opera və Balet Teatrı Mədəniyyət və Turizm
Nazirliyinin balansında olduğundan, məsələ əvvəlcə onlarla razılaşdırma
aparılmalıdır".
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı da açıqlamasında məktubun
arıq partiyaya daxil olduğunu bildirib: "Məktubda bildirilib ki, Opera və Balet
Teatrı Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Bu səbəbdən də orada tədbirin
keçirilməsi üçün həmin teatrdan müvafiq razılaşma əldə etdikdən sonra meriyaya
müraciət edə bilərsiniz".
G.Aslanlı qeyd edib ki, BŞİH-nin bu cavabını irəliyə doğru
addım kimi dəyərləndirirlər: "Növbəti həftənin birinci günündən Opera və Balet
Teatrının rəhbərliyi ilə görüşməyə çalışacağıq". G.Aslanlı deyib ki, paytaxt
meriyasının təklif etdiyi Bakıxanov qəsəbəsi Adil İsgəndərov adına Mədəniyyət
Evində, Əmircan və Maştağa qəsəbələrindəki eyni təyinatlı mədəniyyət
saraylarında qurultay keçirmək niyyətində olmamalarına səbəb adıçəkilən müəssisələrdə
oturaq yerlərinin azlığıdır: "Bu məsələdə başqa məqsədimiz oxdur".
Qeyd edək ki, Müsavat Partiyası qurultayın keçirilməsinə
yer ayrılması üçün bir müddət öncə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Həmin müraciətdə martın 3-4-də keçirilməsi planlaşdırılan qurultay üçün Bakı
İdman Sarayının ayrılması istənilib. Paytaxt meriyası isə müraciətə rədd cavabı
verib. Bundan sonra isə Müsavat Partiyası martın 3-4-də keçirməyə hazırlaşdığı
qurultayı qeyri-müəyyən vaxta təxirə salıb.
O.M.